Fransalı deputatlar Bakıdakı erməni kilsəsində olublar

Fransalı deputatlar Bakıdakı erməni kilsəsində olublar

Hazırda oxunan: Fransalı deputatlar Bakıdakı erməni kilsəsində olublar

2702

Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa dostluq qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyəti Bakıda yerləşən Müqəddəs Qriqori Kilsəsində (erməni kilsəsi) olublar.

Bizim.Media-nın məlumatına görə, fransalı qonaqlara kilsənin tarixi, onun qorunub saxlanılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda yüksək səviyyədə təmin olunan dini və etnik tolerantlıq burda müxtəlif konfessiyaların sərbəst fəaliyyətinə imkan yaradır. Bildirilib ki, kilsədə erməni dilində minlərlə kitab qorunub saxlanılır. Bu kitabların arasında bir neçə yüzillik tarixi olan nadir Bibliya nüsxələri də var.

Vurğulanıb ki, Ermənistan öz ərazisində, eyni zamanda 27 il işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, dini, mədəni abidələri məhv etməsinə baxmayaraq, Azərbaycan həmişə başqa dinlərə və mədəniyyətlərə tolerantlıq nümayiş etdirib. Qonaqların diqqətinə çatdırılıb ki, Müqəddəs Qriqori kilsəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi, “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib.

Qonaqlar kilsədə gördüklərinin onlarda böyük təəssürat yaratdığını, Azərbaycanda dini və etnik tolerantlığın nümunəsi kimi qiymətləndirdiklərini bildiriblər.

Daha sonra Fransa Milli Assambleyasının üzvləri Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar. Qonaqlara universitetin tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib. UFAZ-ın iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın yüksək səviyyəsinin nümunəsi olduğu qeyd edilib. Bildirilib ki, ali məktəbdə tələbələrin 80 faizi Azərbaycan hökumətinin maliyyə dəstəyi sayəsində ödənişsiz əsaslarla təhsil alır.

Qeyd olunub ki, 2016-cı ildə fəaliyyətə başlamış Azərbaycan-Fransız Universitetində tədris Strasburq Universitetinin və Renn-1 Universitetinin proqramları üzrə aparılır. Universitetin Azərbaycanla Fransa arasında əlaqələrin inkişafına töhfə vermək potensialına malik olduğu xüsusi vurğulanıb.

Qonaqlar belə bir universitetin fəaliyyətinin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd ediblər. Fransa ictimaiyyətinin Azərbaycan haqqında daha çox məlumatlandırılması üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Qeyd edək ki, Fransa Milli Assambleyasında Azərbaycan-Fransa Dostluq Qrupunun üzvləri noyabrın 12-də Azərbaycana gəlib.

Səfərin əsas məqsədi Ermənistanın sentyabrın 27-də həyata keçirdiyi hərbi təxribatlarla əlaqədar Azərbaycana dəstək ifadə etmək, Ermənistan silahlı qüvvələrinin dinc sakinlərə qarşı hücumlarının nəticələri ilə yerində tanış olmaq, bu barədə Fransa ictimaiyyətini daha obyektiv məlumatlandırmaqdır.

Nümayəndə heyətini səfər zamanı Milli Məclisin sədri Sahibə Qafarova, Xarici işlər naziri Ceyhun Bayramov və digər yüksək səviyyəli dövlət rəsmiləri qəbul edib.

Qonaqlar Gəncədə Ermənistanın hücumları nəticəsində baş vermiş dağıntılarla da tanış olublar. Nümayəndə heyətinin Milli Məclisdə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşü də keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO