Qubadlı rayonu Cəlal Haşımov adına Mərdanlı kənd tam orta məktəbinin məzunları - Həmid və Həmidə Məmmədli qazandıqları uğurları ilə adlarından söz etdirməyi bacarırlar.
5 dekabr 2007-ci ildə anadan olan bacı-qardaş Bizim.Media-ya qazandıqları nailiyyətlər barədə danışıblar.
Həmidə Məmmədli deyir ki, tibb sahəsində təhsil almaq, həkim olmaq onun ən böyük arzusu olub. Bunun üçün ilk addım olaraq seçimini Qarabağ Univeristeti, Tibb və Sağlamlıq elmləri fakültəsi, tibb ixtisasından yana edib.
Qəbul imtahanında 619.4 toplayan Həmidə deyir ki, uşaqlıqdan həm sınaq, həm də intellektual yarışlarda iştirak ediblər:
“Bəzən eyni komandada, bəzən isə ayrı-ayrı komandalarda mübarizə aparırdıq. Həm birlikdə, həm də fərdi şəkildə qələbələrimiz olub. Amma etiraf edim ki, birlikdə qazandığımız uğurun sevinci və həyəcanı tamam başqa idi, onu heç nəyə dəyişmək olmaz. Ayrı komandada olsaq belə, hər zaman bir-birimiz üçün ən yaxşı nəticəni arzulayırdıq”.
Həmid Məmmədli isə uğurları ilə bacısından geri qalmır.
O, dünya üzrə qəbul şansı 4%-dən az olan “Türkiye Scholarships” proqramında, mühəndislik sahəsində Türkiyə üzrə 1-ci, dünya üzrə isə 79-cu yerdə qərarlaşan İstanbul Teknik Universitetində Electronics and Communications (100% İngilis dilli) ixtisasına qəbul alıb. Bundan əlavə olaraq, məktəbi qızıl nişanla başa vurub.
“11 illik təhsilimi qızıl nişan və prestijli universitetə qəbul ilə tamamladım. 10-cu sinifdən başladığım robototexnika yolunda kapitanı olduğum komandam ilə SAF 2023 -də ilk dəfə keçirilən Boat-Racing kateqoriyasında birincilik və "Jury Award" qazandıq. TEKNOFEST 2024 -də isə "İnsansız Sualtı Sistemləri" üzrə finala yüksələn yeganə Azərbaycan komandası olduq.
TEKNOFEST-də bu kateqoriyanın 8 il ərzində keçirilməsinə baxmayaraq, bu nəticəyə çatan tək komanda biz olduq və bu rekord bu il də qırılmadı.
Finala çıxdığımız ilk ildən həm birincilik, həm də “En Özgün Tasarım” mükafatını qazandıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşümüz də bu qalibiyyətdən sonra oldu.
Prezident Ərdoğan 4 oktyabr tarixində Adana Şakirpaşa Hava Limanında səhnədə birinciliyi bizə təqdim etdi. Daha sonra "Sabahin Alimləri XIV"-də ilk dəfə keçirilən "Robototexnika və Süni İntellekt" kateqoriyasında da birincilik qazandıq. Beləcə, 10-cu sinifdən qatıldığım hər üç yarışmanı qızıl medalla tamamlayaraq əsl hat-trick etdim. Məktəb illərimin sonunda isə Azərbaycanda ilk dəfə keçirilən "AROVC" çempionatında koordinator, "Boat-Racing" yarışında isə hakim kimi fəaliyyət göstərdim.
Sonda isə dünya üzrə qəbul şansı 4%-dən az olan “Türkiye Scholarships” proqramı ilə mühəndislik sahəsində Türkiyə üzrə 1-ci, dünya üzrə 79-cu yerdə qərarlaşan İstanbul Teknik Üniversitesində — "Electronics and Communications" (100% İngilis dili) (Elektronika və kommunikasiya) ixtisasına qəbul aldım.
Bunun sayəsində mənim həm orada qalmağım təmin olunacaq, həm illiyim ödəniləcək. Mən də atamın davamçısı kimi gələcəkdə elektrik elektronik mühəndisi olmaq istəyirəm”, -deyə Həmid açıqlamasında qeyd edib.
Həmidə Məmmədli bu dövrdə birlikdə çalışdıqlarını uğurlarında bir-birinin yanında olduqlarını bildirib:
“Bizim birgə hazırlıq dönəmimiz enişli-yoxuşlu keçdi, bu zamanda çətinliklərimiz də oldu. Nəticədə qazandığımız sevincə görə isə bu çətinlikləri yaşamağa dəyərdi. Bəzən yoruldum, “alınmayacaq” deyə düşündüm, amma yenidən toparlanıb yoluma davam etdim. Bu müddətdə ailəmizin, müəllimlərimizin və dostlarımızın dəstəyi də bizə böyük motivasiya verdi. Bu səbəbdən onların hər birinə təşəkkür edirik”.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:20 / 12.09.2025
“Yorulduq, amma yolumuza davam etdik” – Qubadlıdan olan əkiz bacı-qardaşın UĞUR HEKAYƏSİ – FOTO
Hazırda oxunan: “Yorulduq, amma yolumuza davam etdik” – Qubadlıdan olan əkiz bacı-qardaşın UĞUR HEKAYƏSİ – FOTO
Hazırda oxunan: “Yorulduq, amma yolumuza davam etdik” – Qubadlıdan olan əkiz bacı-qardaşın UĞUR HEKAYƏSİ – FOTO
270090
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.