“Əvvəla, 1200 kubadək istehlakı olan 51% abonent heç də iddia edildiyi kimi 5 milyon nəfər əhali demək deyil. Aşağı istehlakı olan abonentlərdə əhalinin daha az hissəsi yaşayır. O səbəbdən ki, bu kateqoriya kiçik ölçülü evlərdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev özünün “Facebook” hesabında Tarif Şurasının qazın qiyməti ilə bağlı qərarına münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə rəsmi statistikaya görə, ölkədə mövcud olan bütün mənzillərin (2.2 mln. mənzil) 1 mln-u və ya 45%-i 1 və 2 otaqlı mənzillərdir.
Yəni mənzil fondunun az qala yarısını təşkil edən 1-2 otaqlı mənzillərdə əhalinin yarısının yaşaması real deyil:
“Ona görə də rəsmi əsaslandırma sənədində istifadə olunan fakt etibarlı və dəqiq olmalıdır. Yaxşı olar ki, həmin 51% abonentin real olaraq neçə ailə üzvündən ibarət olması, ümumi qaz istehlakının neçə faizinin onların payına düşməsi ilə bağlı dəqiq faktlardan istifadə edilsin. Digər tərəfdən, aşağı istehlak kateqoriyasına düşən abonentlərin heç də hamısında yaşayış yoxdur. Xüsusilə də Bakı, Xırdalan kimi məkanlarda yeni tililən binalarda sayğaclar qoyulsa da, xeyli sayda mənzil boşdur. Amma statistika bu mənzillərin sahibləri aşağı istehlak kateqoriyasında sayı artırır”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan təbii qazı hansı qiymətə satır? – RƏSMİ AÇIQLAMA
Ekspert qeyd edib ki, qaz təsərrüfatında zərərin büdcədən qarşılanması ilə bağlı əsaslandırma yetərli arqument və faktlarla göstərilməyib:
“Əvvəla, qaz təsərrüfatının maliyyə fəaliyyətilə bağlı ətraflı hesabatlar yoxdur. Məsələn, “Azərsu” ASC-nun timsalında məlum oldu ki, zərərin şişməsinin fundamental səbəblərdən biri aktivlərin dəyərsizləşməsi və əsas vəsaitlərin amortizasiyası xərclərinin həddən artıq nəhəng məbləğ təşkil etməsidir. Bir sıra peşəkar auditorlar da bu xərc maddələrinin bəzi hallarda subyektiv amillər səbəbindən şişirdilməsi, nəticədə isə zərərin böyüdülməsi üçün münbit imkanlar açdığını qeyd edirlər. “Azəriqaz”-ın isə ayrıca hesabatı yoxdur. Əgər olsa idi, satışların maya dəyəri və satışlardan əldə olunan gəlirlər hesabına ümumi mənfəəti, müxtəlif xərc növləri və əməliyyat zərərinin ümumi həcmi, eləcə də zərəri formalaşdıran xərc maddələri barədə məlumatları görmək mümkün olardı.
Görünən odur ki, hər 1000 kubmetr qazın istehsal maya dəyəri 70 manatı ötmür ki, bu da əhaliyə satılan qiymətdən əhəmiyyətli dərəcədə aşağıdır. Güman ki, zərər nəqli sistemində yaranır”.
Ekspert hesab edir ki, indiki halda qaz nəqli təsərrüfatını təcili olaraq dövlətsiziləşdirmək lazımdır:
“Dövlətdən fərqli olaraq özəl subyekt investisiya xərclərini daha şəffaf idarə edəcək, mənfəət qazanmaq üçün daha effektiv xərcləyəcək, nəticədə zərərini üfürüb şişərdərək vətəndaşın cibinə yükləməyəcək”, deyə ekspert əlavə edib.
Alçina Amilqızı, Bizim.Media