Valideynlik psixologiyası üzrə avstraliyalı mütəxəsssis Steve Biddulphun fikirlərinə görə, qız uşaqlarının uğurlu inkişafında analar qədər xalalar da önəmli rol oynayır.
Psixoloq bildirib ki, bu xala fiquru bioloji xala olmaya bilər.
Əlbəttə, uşağın inkişafında psixologiyasının sağlam olmasında valideynlərinin böyüdüyü ailə mühitinin önəmi hər kəsə məlumdur. Bəs qohumları? Məsələn, nə üçün qız uşağının inkişafında xala böyük rol oynayır?
Ümumiyyətlə, ailəylə yanaşı, qohum mühiti və s. uşağa, onun fikirlərinə necə təsir edir?
Bizim.Media mövzuyla bağlı psixoloq Ofelya Məmmədovanın fikirlərini öyrənib. Psixoloq vurğulayıb ki, qız uşaqları böyüyərkən öz kimliklərini formalaşdırmaq üçün təkcə ananı yox, digər yaxın qadınları da izləyirlər.
“Xala burada çox maraqlı bir fiqurdur – həm ana qədər doğma, həm də dost qədər səmimi ola bilir. Çünki xala uşağa qarşı daha az məsuliyyət hiss etsə də, çox böyük emosional dəstək verə bilir. Bu da uşağın özünü güvəndə və qəbul olunmuş hiss etməsinə səbəb olur.
Ümumiyyətlə, uşaqlar yalnız valideynlərindən deyil, geniş ailə üzvlərindən də öyrənirlər. Hər biri uşaq üçün ayrıca bir nümunədir”.
Psixoloqun sözlərinə görə, xala uşaq üçün anaya çox yaxın fiqurdur. Çünki xala ilə ana eyni ailədən çıxıb, daha oxşar dəyərləri və davranışları bölüşürlər. Ona görə də uşaq xaladan gələn qayğını çox tez “ana qayğısı” ilə əlaqələndirir.
Psixoloq qeyd edib ki, valideynlə fikir ayrılığı olduqda, uşaq çox vaxt xala, bibi, əmi və ya dayıya üz tutur.
“Geniş ailə sosial məktəbdir...”.
“Bu insanlar uşağa əlavə dəstək və güvən verir. Geniş ailə bir növ uşağın ilk sosial məktəbidir – paylaşmağı, ünsiyyəti, müxtəlif xarakterlərə uyğunlaşmağı burada öyrənir. Ənənələr, ailə hekayələri, dəyərlər də çox vaxt məhz bu qohumlar vasitəsilə ötürülür”.
Bəs oğlan uşaqları kimi nümunə götürür?
“Oğlan uşaqları isə əsasən atalarına, əmilərinə, dayılarına baxaraq kişi davranışlarını, güc, qoruma, liderlik kimi xüsusiyyətləri öyrənirlər. Amma bununla yanaşı, onlar analarından və nənələrindən də duyğusallığı, qayğını, empatiyanı götürürlər. Yəni oğlan uşaqlarının kimliyində həm kişi, həm də qadın fiqurlarının təsiri birləşir”,-deyə Ofelya Məmmədova qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:00 / 03.09.2025
Qız uşaqlarının inkişafında xalalar niyə önəmli ROL OYNAYIR?
Hazırda oxunan: Qız uşaqlarının inkişafında xalalar niyə önəmli ROL OYNAYIR?
Hazırda oxunan: Qız uşaqlarının inkişafında xalalar niyə önəmli ROL OYNAYIR?
268511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.