“Qara pişik” deyəndə ağla ilk gələn – adamın qabağına çıxıb işini nəhs gətirən, qara paltarlı təsadüfi siluetlərdir.
Amma bu dəfə söhbət onlardan getmir. 2025-ci ilin kişi trendi – indiyədək ədəbiyyatda və filmlərdə təsvir olunan ideal kişi obrazının real həyatda canlanmış formasıdır. Az rast gəlinən, amma bir o qədər də cəlbedici tipaj: qara pişik kişilər.
Onların xarakterində bir az mistika, bir az da anlaşılmazlıq gizlənir. Sakitdirlər, özlərinə güvənirlər, çox danışmırlar, amma dedikləri bir-iki sözlə də yadda qalırlar. Sosial şəbəkələrdə də az görünürlər – paylaşım selinə qoşulmur, amma hər dəfə ortaya çıxanda enerjisini hiss etdirirlər. Çünki artıq hər addımını çəkib göstərən, özünü ortaya atmaqdan yorulmaq bilməyən kişilər bezdiricidir.
“Bad boy” obrazı isə tarixdə qaldı
Rəngarəng geyimli, çox aksesuarı ilə göz yoran “bad boy” obrazı isə tarixdə qaldı. İndi səhnədə – cazibəsini sözlərlə yox, aurası ilə göstərən kişilərdir. Kino həvəskarları üçün ən yaxın nümunə Con Uiki göstərmək olar: az söz, çox hərəkət, kişiyana addımlar. Yəni artıq öz içinə qapanıq, amma xarizması ilə işıq saçan kişilər ön plandadır.
Qadın psixologiyasının da ən güclü tərəflərindən birinin maraq olduğunu nəzərə alsaq, az danışmaqla özlərini tam açmayan kişilərin niyə trend olduğunu anlamaq olar. Qadında “onu tanımalıyam” hissi yaranır.
Belə kişilər həm riskli, həm də qoruyucu görünür. Yəni bir tərəfdən onların yanında özünü təhlükədə hiss edə bilərsən, digər tərəfdən də təhlükədən qoruyar. Bu ikili təssürat qadınlarda güclü maraq oyadır. Üstəlik kütlədən seçilməyi də bacarırlar – bəzən sadəcə baxış, və ya hansısa geyim detalı ilə. Qadın üçün isə belə fərqlilik hər zaman cəlbedici olur.
Şəfiqə Şəfa, Bizim.Media