“Xankəndidə rus jurnalistin gözü qarşısında mənə işgəncə verdi”

“Xankəndidə rus jurnalistin gözü qarşısında mənə işgəncə verdi”

Hazırda oxunan: “Xankəndidə rus jurnalistin gözü qarşısında mənə işgəncə verdi”

26794

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ceyhun Vəlibəyov ifadə verib.

O bildirib ki, Vətən müharibəsi zamanı A.Xosrovyan Cəbrayıl istiqamətində kəşfiyyat xarakterli hərəkətlər apararkən Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib:

“O, “UAZ” markalı avtomobildə idi. Alyoşa Xosrovyanı saxlayan zaman maşından silah-sursat çıxdı. Biz onu aidiyyəti şəxslərə təhvil verdik”.

Daha sonra şahid qismində Azərbaycan Ordusunun digər hərbi qulluqçusu Tural Davudov dindirilib. O da qeyd edib ki, A.Xosrovyan Cəbrayıl istiqamətində ələ keçirilib:
 

MÖVZU İLƏ BAĞLI:

“Xosrovyan əsiri çarpayıya bağlayıb döyürdü” – Zərərçəkən azərbaycanlı  


“Alyoşanı tanıyıram. Onu Cəbrayıl ərazisində xidmət zamanı “UAZ” markalı avtomobildə gördük. Hərbi geyimdə idi və “AK-74” silahı var idi. Həmin an başa düşdük ki, bizimkilərdən deyil və Alyoşanı zərərsizləşdirdik. Biz onu zərərsizləşdirmək istəyəndə əlini silaha atdı. Silahın darağı dolu idi”.

Təqsirləndirilən A.Xosrovyan isə deyib ki, Azərbaycan Ordusunun hərbi qulluqçularına Cəbrayıl istiqamətində təslim olub.

Şahid qismində dindirilən Azərbaycan Ordusunun hərbi qulluqçuları - Aydın Məmişov və Elnur Süleymanov da digər şahidlər kimi eyni məzmunlu ifadə verib. Onlar söyləyiblər ki, A.Xosrovyan ələ keçirilən zaman hərbi geyimdə və silahlı olub.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs A.Xosrovyan bildirib ki, üzvü olduğu “Yerkrapa” erməni təşkilatı əvvəl Qarabağda azərbaycanlılara qarşı döyüşüb: "Təşkilatın rəhbəri, erməni generalı Manvel Qriqoryan idi. O, əvvəl Hadrutda döyüşüb.

2020-ci ilin oktyabr ayının 3-də bildim ki, Azərbaycan hərbçiləri Cəbrayıl rayonunu işğaldan azad edib. Amma mənə zəng edən zabit dedi ki, "Cəbrayılda erməni əsgərləridir, qorxma gəl".

Zərərçəkmiş Cavid Hüseynov isə deyib ki, A.Xosrovyan L.Mkrtiçyanla birlikdə ona ağır işgəncələr verib: "Bunlar yalan danışmaqla özlərini günahsız kimi göstərmək istəyirlər".

Z.Həsənov isə deyib ki, A.Xosrovyan 1994-cü ildə Xankəndində rus jurnalistin gözü qarşısında, həmin ilin may ayında Şuşada siqaret çəkmək üçün ayrılmış yerdə ona ağır işgəncələr verib:

“Bunların hər ikisi Azərbaycan dilini çox yaxşı bilir. Bizimlə Azərbaycan dilində danışırdılar. Onlar məni çox yaxşı tanıyır”.
 

Daha sonra L.Mkrtiçyan sərbəst ifadə verib. O qeyd edib ki, 1993-cu ildə Ağdərədə istiqamətində olub: “Əsgər olmuşam, səngərdə dayanırdıq. Həmçinin 1 dəfə posta çıxmışam, oradakı evlərə qarovul çəkirdim, yeməkxanalarda köməklik edirdim. Mənə “AK-74” silahı vermişdilər.


Dövlət ittihamçısı təqsirləndirilən şəxsə “sən əlində silah postda nə gəzirdin?” sualını verib.

L.Mkrtiçyan bu suala cavab verməkdə çətinlik çəkdiyini deyib: “O vaxt könüllülər yığışıb azərbaycanlılara qarşı vuruşurdular. Mən azərbaycanlılardan heç bir ziyan görməmişəm.

Cəmi 1 ay orada olmuşam, 2 ay isə Hadrutda qalmışam. 1994-cü ildə hərbi münaqişə bitdikdən sonra isə Suqovuşanda olmuşam”.

Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO