Zaqataladan olan şəhid övladı məktəbdən “Qızıl Nişan” la məzun olub.
O həmçinin “Sabahın alimləri” Respublika müsabiqəsinin qalibi kimi ölkəmizi bu intellektual yarıış üzrə ABŞ-də təmsil edərək daha bir uğura imza atıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına Texniki Fənlər Təmayüllü liseyin məzunu Hacı Hacıyev orta təhsil həytında nümunəvi şagird kimi deyil həm də dərslərdəki çalışqanlığı ilə seçilib. Hacının atası Vətən müharibəsi şəhidi “Azərbaycan Bayrağı” ordenli, podpolkovnik leytenat Abakar Hacıyev hər üç övladını nizam-imtizamlı tərbiyə etdiyindən bu ənənə, intizam bu gün də davam edir.
Hacı bildirir ki, elm və texnologiyaya, kompüter mühəndisliyinə böyük marağı var. Bu səbəbdən təhsil aldığı müddətdə bir neçə dəfə müxtəlif müsabiqə və olimpiadalarda iştirak edib. Ən son isə o komandası ilə “Sabahın alimləri” Respublika müsabiqəsinə qatılıb və ölkə birincisi kimi Qızıl medala layiq görülüb. Bu uğuru nəticəsində Hacı və komanda üzvü ölkəmizi ABŞ-də layiqincə təmsil edib və uğurlu nəticə göstəriblər.
“Respublika müsabiqəsindən qızıl medala layiq görüldük və Amerikada ölkəmizi layiqincə təmsil etdik” deyən Hacı sözlərinə onu da əlavə edir ki, kompüter sahəsinə uşaqlıqdan marağı var.
Elə bu minvalla da Hacı təhsilini Xəzər Universitetinin informasiya təhlükəsizliyi ixtisasında davam etdirəcək. Daha sonra bu istiqamətdə magist təhsilini xarici ölkələrdən birində davam etdirmək və Azərbaycana layiqli gənc kimi geri dönüb fəaliyyət göstərmək niyyətindədir.
Qeyd edək ki, Hacının məzun olduğu liseydən bu il daha iki nəfər “Qızıl nişan”a layiq görülüb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu