Bu gecə “Qara Ay” kimi bilinən səma hadisəsi yaşanacaq. Astrologiyada Lilit adı ilə də simvolizə edilən bu hadisəni ezoteriklər mistik hadisə kimi qələmə verməyə, insanlar arasında narahatlıq yaratmağa çalışırlar. Xüsusən sosial şəbəkələrdə insanları bu gecə ehtiyatlı olmağa, evdən çölə çıxmamağa, skandallardan uzaq durmağa çağırırlar.
Niyə məhz Lilit?
Səmavi dinlərin rəvayətinə görə, Adəmin Həvvadan öncəki qadını olmuş Lilit kişinin ondan üstünlüyünü qəbul etməyərək Allaha üsyan edir. Səbəb onun da Adəm kimi oddan yaranması və aralarında heç bir fərq olmadığına görə haqlarının bərabərliyidir. (Yeri gəlmişkən, feminizmin banisi əslində Lilit sayılır, baxmayaraq ki, Klara Setkinin bioqrafiyasını bəzəyir).
Lilit Allahdan etiraz alınca, şeytanla əməkdaşlığa başlayır. Buna görə də, Lilit səma hadisəsi insanın gizli qorxularını, tabu arzularını, nəzarətsiz instinktlərini, yəni “kölgə tərəfini” ifadə edir.
MÖVZU İLƏ BAĞLI:
Sentyabrda dünyanın 87 faizi bu möhtəşəm göy hadisəsini izləyəcək
Yasaq münasibətlər, seksual manipulyasiya və qısqanclıq güclənə bilər
Əslində isə “Qara ay” bir ay ərzində ikinci dəfə çıxan təzə aydır. Bu astronomik olaraq mümkündür. Astrologiyada təsdiqlənir ki, Qara Ay/Lilitin mənfi təsirləri var, həmin dövrdə komplekslər, gizli qorxular, həll olunmamış psixoloji düyünlər aktivləşir və insanı narahat etməyə başlayır. Yasaq münasibətlər, seksual manipulyasiya və qısqanclıq güclənə bilər, emosiyalarda gərginlik yaranar. Başqa sözlə, “Qara ay”ı enerji baxımından ağır dövr hesab edirlər.
Deyilənlərdə həqiqət payı varmı?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan astroloq Firudin Qurbansoy bildirdi ki, deyilənlərdə həqiqət olsa da şişirdilib, qorxulacaq hadisə deyil:
Bədirlənmiş ayda qadınların əsəbləri gərilir
“Qəməri təqvim, günəş təqvimindən qısa olduğu üçün bir ayda iki dəfə Ay çıxması mümkündür. Yəni ayın əvvəlində çıxıbsa, axırında da yenidən çıxa bilər. Amma burada heç bir qorxulu hal yoxdur. Sadəcə bədirlənmiş ayda insanların əsəbləri gərilir. Xüsusən də bu, qadınlarda baş verir. Ola bilər ki, qadınlar özlərində asılı olmadan gərginləşib kobud danışsınlar. Hətta ən yaxın münasibətləri kəsə də bilərlər. Kişilər bu müddətdə diqqətli olmalıdırlar ki, qadınların xətrinə dəyməsinlər”.
Bununla belə astroloq əmin etdi ki, təzə ayın çıxmağı orqanizmə heç bir ziyan vermir, əksinə xeyirlidir, çünki enerjini, yaşam gücünü çoxaldır.
Xatırrladaq ki, “Qara Ay” simvolik hadisəsi avqustun 22-dən 23-nə keçən gecə baş tutacaq.
Şəfiqə Şəfa, Bizim Media