Ötən ilin iyulunda Quba-Xınalıq yolunun 42-ci km-də, Əlikçayın üzərində yerləşən körpünün güclü sel nəticəsində dağıldığı ilə bağlı məlumat vermişdik. Körpünün dağılması isə yerli sakinlər üçün ciddi problemə çevrilmiş, onların gediş-gəlişinə ciddi maneə yaranmışdı.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq uçmuş körpü yenilənib və artıq sürücülərin istifadəsinə verilib.
MÖVZU İLƏ BAĞLI:
Xınalıq yolunda güclü selin dağıtdığı körpü nə vaxt bərpa ediləcək? – VİDEO
Belə ki, çoxsaylı şikayətlərdən sonra keçən il noyabr ayının 1-də yeni körpünün inşasına başlanılıb.
Yeni körpünün uzunluğu 12, eni isə 10 metrdir.
Bu barədə Bizim.Media-ya məlumat verən Qubadakı 5 saylı yol istismar idarəsinin iş icraçısı Bilal Sultanov bildirib ki, yolun hərəkət zolağı 7 metr nəzərdə tutulub, hər iki tərəfində piyada keçidi qoyulub.
Hazırda yeni körpüdə yanaşmaların bərkitmə işləri gedir. Körpünün dayaqları hərəkət olduqca tam yerinə oturacaq, daha sonra isə asfaltlama işləri aparılacaq.
Uçmuş Əlik körpüsünün dağıldığı vaxt problem yaşayan dağ kəndlərinin sakinləri yeni körpünün istifadəyə verilməsinə hazırda çox sevinirlər. Xınalıq sakini Namiq Əhmədov bu işdə əziyyəti keçən bütün dövlət qurumlarına sakinlər adından minnətdarlıqlarını bildirib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu