Bir neçə gün öncə ərəb turistlərin Şəhidlər xiyabanında qeyri-etik davranışlar sərgiləyərək video çəkməsi cəmiyyətdə böyük rezonans doğurdu.
Bu hadisədən sonra sosial şəbəkələrdə və ictimai müzakirələrdə Şəhidlər xiyabanına müəyyən şəxslərin girişinə məhdudiyyətlərin qoyula biləcəyi ilə bağlı fikirlər səsləndirilir.
Bəs belə bir qadağa mümkündürmü?
Şəhidlər xiyabanına girişin məhdudlaşdırılması ilə bağlı fikirlərə münasibət bildirən Milli Məclisin deputatı Razi Nurullayev Bizim.Media-ya açıqlamasında qeyd etdi ki, belə bir qadağa yolverilməzdir:
“Şəhidlər xiyabanı publik və müqəddəs bir məkandır. Ora hər kəs - xarici vətəndaşlar da, sadə vətəndaşlarımız da, uşaqlar da, böyüklər də rahat şəkildə daxil olmalıdır. Bu, hər birimizin ziyarətgahıdır. Bəzən xoşagəlməz hallar baş verə bilər, amma heç kim heç bir hadisədən sığortalanmayıb. Belə hallara yol verənlər cəzalandırılıb, gələcəkdə də belə olacaq.
Amma Şəhidlər xiyabanını niyə bağlamalıyıq ki?! Əksinə, ora daha çox insanın gəlməsi təmin olunmalıdır. Gənc nəsil görməlidir ki, bu qəhrəman övladlar Azərbaycanın bütövlüyü uğrunda canlarından keçiblər”.
Deputat əlavə edib ki, Şəhidlər xiyabanı həm də ölkəyə gələn əcnəbilər üçün tarixi həqiqətləri öyrənmək baxımından vacibdir:
“Xarici vətəndaşlar da gəlib Azərbaycanla Ermənistan arasında baş verən münaqişələrin nəticəsini öz gözləri ilə görməlidirlər. Onlar bu ölkənin gözəlliklərini gördükləri kimi, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini də dərk etməlidirlər”, - deyə o bildirib.
Razi Nurullayev təklif edib ki, gələcəkdə oxşar halların qarşısını almaq məqsədilə Şəhidlər xiyabanının girişində müxtəlif dillərdə – Azərbaycan, rus, ingilis, fransız, portuqal və hətta çin dillərində xüsusi qaydalar yazılsın:
“Belə olarsa, hər bir gələn ziyarətçi bu qaydalarla tanış olar və şəhidlərimizin xatirəsinə hörmətlə yanaşar”.
Aygün Hüseyn, Bizim.Media