Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb. 86 min 459 abituriyent elektron ərizələrini təsdiq edib. Bundan sonra isə onlar həyəcanla nəticələri gözləyirlər.
Abituriyentlərlə yanaşı, subbakalavrlar da eyni həyəcanı yaşayırlar. Belə ki, müsabiqə zamanı ilk olaraq, abituriyentlər sonra isə boş qalan yerlərə subbakalavrlar yerləşdirilir. Bu da onların kollecdə topladıqları Ümumi Orta Müvəffəqiyyət Göstəriciləri (ÜOMG) əsasında həyata keçirilir.
Bəs bu il subbakalavrları nə gözləyir? Onların universitetlərə qəbul olma şansları nə qədərdir?
Bizim.Media mövzuyla bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin fikirlərini öyrənib.
Ekspertin sözlərinə görə, bu il subbakalavrların şansı ötən illərlə müqayisədə daha azdır.
“Bu il subbakalavrların universitetə qəbulu ötən illə müqayisədə daha çətin olacaq.
Bu I qrupa aid deyil. Cihaz mühəndisliyi, sənaye mühəndisliyi ixtisaslarında subbakalavrlara yerlər ayrılır və yüksək ÜOMG tələb olunmur. Ancaq digər qruplarda subbakalavrların qəbul olma şansı daha azdır”.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə iyulun 14-də etdiyi açıqlamada qeyd etdi ki, subbakalavrların sayı çox olduqda ali məktəblər şikayət edirlər.
Elmin Nuri bu məsələyə də münasibət bildirib:
“Ümumiyyətlə, tələbələr arasında fərq qoyulmamalıdır. Subbakalavrların da əziyyəti yerə vurulmamalıdır. Bizdə universitetə qəbul olmaq ona görə çətindir ki, universitet və tələbə kontingenti azdır. Əgər elə olmasaydı, ali məktəblər subbakalavrlardan şikayət etməzdilər.
Subbakalavrların universitetə qəbul olmasına daha çox şərait yaradılmalıdır. Çünki bu, hazırda kollecdə oxuyan minlərlə gəncə motivasiya verir. Əgər bu məhdudlaşdırılsa, kolleclərdəki təhsil formal olar”.
Qeyd edək ki, Məleykə Abbaszadənin sözügedən açıqlamasında bildirildi ki, ötən il 5000 dən çox subbakalavr ali məktəbə imtahansız qəbul olub.
Nəzrin Mizrəyeva, Bizim.Media