“TələbəPlus” kartları vasitəsilə tələbələr müəyyən restoranlarda, mağazalarda, apteklərdə, nəşriyyatlarda, tədris akademiyalarında, idman komplekslərində və s. güzəştlərdən yararlana bilirlər. Ancaq bu imkan sadəcə universitet tələbələrinə aiddir. Belə ki, kollec və peşə təhsili müəssisələri tələbələrinə “TələbəPlus” kartları verilməyib.
Tələbələrə isə maraqlıdır ki, yeni tədris ilindən vahid tələbə kartları kollec və peşə məktəbi tələbələrinə də veriləcək?
Bizim.Media məsələylə bağlı Təhsilin İnkişafı Fonduna sorğu ünvanladı.
Fondun mətbuat katibi Könül Abdulrəşidova saytımıza açıqlamasında bildirdi ki, yeni tədris ilindən etibarən “TələbəPlus” kartlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində müzakirələr aparılır.
“Bu vahid tələbə kartının kollec və peşə təhsili pilləsində təhsil alan tələbələri də əhatə etməsi nəzərdə tutulur. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, hazırda layihəyə 24 universitet qoşulub. Bəs başqa universitetlərin də qoşulması nəzərdə tutulub?
“Növbəti tədris ilində “TələbəPlus” layihəsinə qoşulma prosesi universitetlərin təşəbbüsü və texniki imkanları nəzərə alınmaqla davam etdiriləcək. Yeni təhsil müəssisələrinin layihəyə cəlb olunması planlaşdırılır. Layihənin əsas məqsədi ölkə üzrə bütün ali təhsil müəssisələrinin vahid tələbə kartı ilə təmin edilməsidir”,-deyə açıqlamada bildirilib.
Nəzrin Mirzəyeva, Bizim.Media