Azərbaycanda tetanus əleyhinə zərdab (pas əleyhinə iynə) bəzi bölgələrdə çatışmazlığı müşahidə olunur. Bununla bağlı Naxçıvan sakini redaksiyamıza şikayətini bildirib.
Adının qeyd olunmasını istəməyən şikayətçinin sözlərinə görə, 7 yaşlı övladını ayağına paslı mismar batdığı üçün xəstəxanaya çatdırıb. Amma həkimlər qeyd edib ki, xəstəxanada tetanus zərdabı yoxdur. Valideyndən tələb edilib ki, bu iynəni apteklərdən əldə etsinlər.
Aptekə müraciət edən valideynə isə “Tetanus zərdabı satışı qadağandır” cavabı verilib.
Mövzu ilə bağlı Bizim.Media-nın əməkdaşı Səhiyyə Nazirliyi ilə əlaqə saxladı. Qurumdan bildirildi ki, tetanos əleyhinə iynə apteklərdə satılmır, lakin müəyyən xəstəxanalarda mövcuddur.
Naxçıvan MR Səhiyyə Nazirliynə mövzu ilə bağlı sorğu ünvanlasaq da, hələlik qurumdan hər hansı açıqlama verilməyib.
Mövzunu diqqətdə saxlayacağıq.
Aygün Hüseyn, Bizim.Media