Dünyada xərçəng xəstələrinin sayı artıb. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2024-cü ildə tibb müəssisələrində bədxassəli şiş diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875, 2023-cü ildə isə 69 435 nəfər olub. Bir il ərzində xəstələrin ümumi sayı təxminən 6.4 faiz artıb.
MÖVZU İLƏ BAĞLI :
“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi
Xüsusilə, qadınlar arasında xəstəlik daha çox artıb. Ötən il qeydə alınan xəstələrdən 28 min 98 nəfəri kişi, 45 min 777 nəfəri isə qadındır.
Mütəxəssislər qadınlarda əsasən süd vəzi, qalxanabənzər vəzi və uşaqlıq boynunda bu xəstəliyin daha çox aşkarlandığını qeyd ediblər. Lakin bu xəstəlikdən HPV peyvəndi ilə qorunmağın mümkünlüyü də istisna edilmir.
Bəs, xüsusilə, uşaqlıq boynu xərçəngindən qoruyan HPV peyvəndi Azərbaycanda nə vaxt tətbiq olunacaq?
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu, hələ Mili peyvənd təqviminə daxil edilməyib:
“Azərbaycanda uşaqlıq boynu xərçənginə səbəb olan İnsan Papilloma Virusuna qarşı olan İPV (HPV) peyvəndi hələ milli immunizasiya təqviminə daxil edilməyib, ancaq yaxın illərdə proqram çərçivəsində tətbiq olunacağına ümid edirik. HPV peyvəndi uşaqlıq boynu xərçənginin qarşısının alınmasında ən effektiv yoldur.
Tədqiqatlar göstərir ki, ÜST-nin Avropa regionunda bu peyvəndi ilk tətbiq edən ölkələrin biri olan İngiltərədə, HPV peyvəndinin profilaktik təqvimə daxil edilməsi ilə 1995-ci ildən sonra doğulan peyvənd olunmuş qadınlarda uşaqlıq boynu xərçənginə demək olar ki, rast gəlinməyib”.
Peyvəndin hansı yaş aralığında və kimlərə tətbiqinə gəldikdə isə qurumdan bildirilib ki, peyvən oğlanlara da tətbiq edilə bilər:
“ÜST uşaqlıq boynu xərçəngindən qorunmaq üçün 9-14 yaşlı qızlara HPV peyvəndinin vurulmasını tövsiyə edir. Bu yaş qrupunda peyvənd ölkələrin qaydalarına uyğun olaraq 1 və ya 2 doza şəklində tətbiq olunur. Peyvənd, əsasən, qızlara prioritet olaraq vurulur, lakin bir çox ölkələrdə oğlanlara da tətbiq olunur. HPV peyvəndi təhlükəsiz və effektivdir”.
Günay Şahmar, Bizim.Media