Fermerlərin NƏZƏRİNƏ – Tullantılardan bu üsullarla fayda əldə etmək MÜMKÜNDÜR

Fermerlərin NƏZƏRİNƏ – Tullantılardan bu üsullarla fayda əldə etmək MÜMKÜNDÜR

Hazırda oxunan: Fermerlərin NƏZƏRİNƏ – Tullantılardan bu üsullarla fayda əldə etmək MÜMKÜNDÜR

253526

Kənd təsərrüfatı istehsalı artdıqca, onunla paralel olaraq yaranan tullantıların miqdarı da artır. Bunun nəticəsində kənd təsərrüfatı sahəsindəki tullantıların təkrar emalı məsələsi ortaya çıxır. Ətraf mühitin qorunması və resursların səmərəli istifadəsi baxımından bu tullantıların düzgün idarə olunması iqtisadi cəhətdən faydalı ola bilər.

İqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya bildirib ki, bağçılıq, əkinçilik, heyvandarlıq fəaliyyətində bütün tullantıların təkrar istehsalı mümkündür.

“Bağçılıqda və əkinçilikdə əsasən xəzəl, budanmış ağac şaxları, bitki gövdələri və saplaqları, meyvə çürüntüləri əsasən faydalı şəkildə istifadə olunur. Bir çox hallarda həmin qalıntıları üyüdüb orqanik gübrə şəklində yenidən torpağa vermək mümkündür, yaxud meyvə çürüntüləri torpağa eləcə basdırılır, zamanla bu, münbit torpaq qatının yaranmasına vəsilə olur.

Yəni kənd təsərrüfatında əslində tullantı heçnə yoxdu.  Heyvan tullantısı bir il qaldıqdan sonra ən faydalı və gərəkli gübrəyə çevrilir. Onu qaytarıb torpağa peyin kimi verirlər. Bundan başqa, bəzi bitki tullantıları (məsələn, qarğıdalı saplağı, tərəvəz qalıqları) heyvan yemi kimi istifadə edilə bilər”.

Bacarıqsız fermerlər tullantıları istifadəsiz ərazilərə atırlar

Ekspert deyir ki, bəzi fermerlər təkrar emalı bacarmadığı üçün tullantıları istifadəsiz ərazilərə atırlar:

“İnfrastruktur olmayan yerlərdə tullantılar sadəcə yandırılır və ya torpağa basdırılır. Bu üsul ətraf mühit üçün zərərlidir — hava və torpaq çirklənməsinə səbəb ola bilər. Amma səriştəli və təcrübəli fermerlər kənd təsərrüfatının bütün sahələrində yaranan tullantılardan səmərəli istifadə edir. Bəzi ölkələrdə kənd təsərrüfatı tullantıları biokütlə və ya bioqaz istehsalında istifadə olunur”.

Ekspert bildirir ki, bu, əsasən heyvandarlıqda istifadə olunur.

“Azərbaycanda təcrübə baxımından bir neçə il qabaq fermerlər qurğu quraşdırıb. Həmin qurğunun dəmirdən hazırlanmış rezervuarları var. Onlar tez bir zamanda sıradan çıxır. Çünki heyvan tullantılarında bioloji maddələr var ki, onlar dəmirləri qısa müddətdə aşındırır. Buna görə də təcrübə davam etmədi. Amma dayanıqlı metaldan hazırlanarsa, təbii ki aşınmanın da qarşısını almaq mümkündür”.

Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı tullantılarının bioqaza çevrilməsi ilə bağlı müəyyən təşəbbüslər və layihələr həyata keçirilir, lakin bu sahə hələ tam potensialına çatmayıb. Hələlik bəzi pilot layihələr çərçivəsində bioqaz istehsalı üçün kənd təsərrüfatı tullantılarından (məsələn, mal-qara peyini, bitki qalıqları) istifadə olunur. Bu layihələr əsasən kənd yerlərində enerji təchizatını yaxşılaşdırmaq və tullantıların idarə olunmasını səmərələşdirmək məqsədi daşıyır.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO