Bildiyimiz kimi, mayın 25-də II və III ixtisas qrupları üzə qəbul imtahanı keçirilib. Lakin bir sıra müəllim və abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi bu ilki imtahanlarda tarix fənninə aid bəzi sualların səhv tərtib olunduğunu bildiriblər.
Sosial şəbəkələrdə gedən uzun müzakirələrdən sonra DİM-nin ekspertləri və müəllimlər arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə sualların səhv olduğu haqqında dəfələrlə paylaşım edən tarix müəllimi Kamran Şeyxzamanlı yazıb.
O, bildirib ki, bir neçə tarix müəllimi Dövlət İmtahan Mərkəzində olaraq tarix fənnində olan suallarla bağlı DİM ekspertləri ilə müzakirələr aparıblar:
“Dim ekspertləri ilə 4 saatlıq çox gərgin müzakirə getdi. Təkcə 1 sual 2 saat müzakirə olundu. Mənbələr, xəritələr göstərildi, bütün problemlər deyildi. DİM əməkdaşları qarşılıqlı hörmət çərçivəsində bizi dinlədi. Demokratik ab-hava yaradılmışdı.
Bəzi ekspertlərlə gərgin anlar yaşadıq. Mənbə sualı ilə bağlı təkliflərimiz nəzərə alındı. Nəticə barədə DİM ictimaiyyətə açıqlama verəcək. Biz uşaqların haqqı yeyilməsin deyə əlimizdən gələni etdik, vicdanımız qarşısında təmizik. Susmaq tarix müəlliminə yaraşmaz. Dostluğu şagirdlərinin haqqından üstün sayanlar səhv etdilər. Ümid edirəm, DİM ədalətli qərar verəcək!” – deyə müəllim qeyd edib.
Günay Şahmar, Bizim.Media