Bakı Enerji Forumu öz işini tamamladı - FOTO

Bakı Enerji Forumu öz işini tamamladı - FOTO

Hazırda oxunan: Bakı Enerji Forumu öz işini tamamladı - FOTO

253109

Bu gün Bakı Enerji Forumunun 2-ci günü başa çatıb. Bununla da ikigünlük 30-cu “Baku Energy Forum”u başa çatıb.

Bizim.Media xəbər verir ki, builki forum enerji sektorunun aktual çağırış, imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilib.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol”, “Kjell A.Nordström ilə xüsusi sessiya beynəlxalq biznes və ultramüasir şirkətlərin gələcək ssenariləri”, “Enerjidə rəqəmsallaşma: məlumat və texnologiyanın gücü”, “Qaz bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur”, “Neft və qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi”, “Elektrik enerjisinin istehsalı və şəbəkə infrastrukturunun inkişafı: gələcəyin enerji təchizatı” mövzularında panel müzakirələri keçirilib.

İlk sessiyada COP29 Prezidenti Мuxtar Babayev Bakı Enerji Forumunda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol” mövzusundakı panel müzakirəsində çıxışı zamanı bildirib ki, COP29 uğurla həyata keçirilib, ortada çoxlu ambisiya olub.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev öz çıxışında qeyd edib ki, COP29 əldə edilmiş nəticələrə görə tarixin ən uğurlu COP-larından biri hesab olunur. O bildirib ki, Paris Sazişi çərçivəsində üç əsas istiqamət fəaliyyət göstərir.

Forum çərçivəsində aparılan müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edib. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platforma rolunu oynayıb.

Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutub.

Ənənəvi olaraq, Bakı Enerji Həftəsi çərçivəsində baş tutan tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçirilib. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edib.

Beləliklə, 30-cu Bakı Enerji Forumu enerji təhlükəsizliyinə nail olmaq yolunda yeni əməkdaşlıqlara zəmin yaradaraq, səmərəli fikir mübadilələri ilə öz işini tamamlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO