Məktəblərdə "Son zəng" həyəcanı yenidən müəllim və valideynləri tərəflərə ayırıb. Rəsmi hissədən sonra şagirdlər və valideynlər tədbiri qeyd etmək üçün tez restoranlara toplaşırlar.
Belə bir önəmli və məzunlar üçün tarixi günü qeyd etmək hazırlığı aylar öncə başlayır. Buna səbəb restoranlarda yer çatışmazlığıdır. Hər nə qədər qəribə səslənsə də, bəli, kafe və restoranların bir belə “bolluğ”u dövründə iyunun ilk yarısında restoranlara yaxın düşməli deyil, xüsusilə məktəb əyalət şəhəri və ya paytaxtkənarı yerdə yerləşirsə, vəziyyət daha da çətinləşir. Çünki, tələb çox yüksəkdir: hər məktəbdən yüzlərlə məzun var. Üstəlik, tədbirlər üçün qrup şəklində bron edilir. Məzunlar bəzən valideynləri ilə birlikdə böyük qruplarla qeyd etdikləri üçün daha geniş məkan seçilir.
Maraqlıdır məzun və valideynlər “Son zəng”i yaddaqalan etmək üçün bu qədər həvəsli olduğu halda, niyə təqsirləndirilən tərəf həmişə məktəb rəhbərliyi və müəllimlər olur?
Keçmiş pedaqoq, uzun illər “Son zəng” tədbirlərinə və onun özüylə gətirdiyi problemlərə yaxından şahid olmuş Lətifə Səlimova Bizim.Media-ya açıqlamasında deyib ki, bu məsələdə həm sosial, həm də psixoloji tərəfləri axtarmaq lazımdır.
“Son zəng” tədbirləri ilə bağlı pul yığımı təşəbbüsü çox vaxt məktəb rəhbərliyi və ya müəllimlər tərəfindən deyil, valideynlərin özləri tərəfindən irəli sürülür. Onlar övladları üçün “unudulmaz gün”, “təntənəli tədbir”, qeyd etmək istəyirlər. Mütləq bir təşəbbüskar valideyn ortaya çıxır və digərlərini də razı salır. Fikirlər də burda haçalanır. Çünki təklif olunan pulun məbləği, restoranın dəbdəbəsi və ya sadəliyi ilə bəziləri razılaşmır, bunu dilə gətirir, bəziləri isə sosial durumundan utandığı üçün səsini çıxarmır.
Yəni imic qorxusu – kimlərsə pul yığımı ilə razılaşmaq istəmir, amma “uşağım geridə qalmasın” deyə susur. Nəticədə könüllü görünən, amma əslində təsir altında formalaşan “kollektiv” qərar yaranır””.
Keçmiş pedaqoq deyir ki, sonradan müəllimlərin günahlandırılmasının ən əsas səbəbi məsuliyyətdən yayınmadır:
“İnsanlar hər hansı bir işi görəndə uğurlu alınırsa, dərhal sinələrinə döyüb öz adlarına çıxırlar. Amma alınmasa psixoloji olaraq günahı başqasında axtarırlar. Bu məsələdə də əgər tədbirə hazırlaşarkən və ya sonrasında xərclər həddindən artıq görünəndə, narazılıq yarananda valideynlər məsuliyyəti üzərlərinə götürmək istəmirlər. Günahkar axtarışı başlayır və ən rahat hədəf müəllimlər olur”.
Lakin bəzi hallarda müəllimlər də dolayı yolla prosesə qoşulurlar. Təşəbbüs elə müəllim tərəfindən dəstəklənir, amma əsas iş prosesi və məsuliyyət valideynlərin öhdəsinə buraxılır.
Nəticədə müəllimlərin tərəddüdlü “müdaxiləsi” sabah onun öz əleyhinə çevrilir.
Bunun qarşısını almağın bir yolu var: məktəblərdə belə tədbirlərin müəllimlərin iştirakı olmadan, valideynlərin şəxsi təşəbbüsü kimi yazılı şəkildə təsdiqlənsin. Necə deyərlər: “Söz uçar, yazı qalar”. Bundan sonra da öz aralarında seçilmiş valideyn komitələri ortaq və şəffaf razılığa gəlsinlər. Ən əsası, normal və sadə son zəng mədəniyyəti formalaşdırılmalıdır. Yəni mütləq təmtəraq olması vacib deyil.
Şəfiqə, Şəfa. Bizim.Media