Şəki-Zaqatala rayonlarında artıq ikinci gündür qeyri-sabit hava şəraiti davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq Şimal-Qərb bölgəsində hava şəraiti dəyişərək yağmurlu hava ilə əvəzlənib, fasilələrlə yağış yağıb, göy guruldayıb.
Bu gün səhərin erkən saatlarından isə yağışlar intensivləşib. Bölgədən axan Türyan və Qala, Şin və Kiş, Kürmük və Talaçaylarında suyun səviyyəsi xeyli artıb. Ərazilərdə hələlik elə bir daşqın hadisəsi qeydə alınmasa da yağışlar intensivləşdikcə suyun səviyyəsi də artmaqda davam edir.
Ötən həftə yaylaqlara köç edən çobanların verdiyi məlumata əsasən yüksək dağlıq ərazilərə, əsasən zirvələrə bu gecə qar yağıb. Bu səbəbdən əvvəlki günlərdə bölgə rayonlarında müşahidə edilən 24-27 dərəcəlik temperatur hazırda 12-15 dərəcəyə kimi enib.
Şəki Regional Hidrometerologiya Müəssisəsindən bildirilib ki, qeyri-sabit hava şəraiti daha bir gün davam edəcək.
Yeri gəlmişkən, yağışlı hava ilə əlaqədar bölgədən keçən avtomobil yollarında görmə məsafəsində hələlik çətinlik yaşanmasa da yolların sürüşkənliyi müşahidə olunur . Dövlət Yol Polisi əməkdaşları sürücülərdən sürət həddinə riayət etməyi, eləcə də nəqliyyat vasitələrində işıqlardan istifadəni zəruri sayır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu