Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvəsini müzakirə edib. Bildirilib ki, telefon danışığı əsnasında Pakistanın baş diplomatı “bu həftənin əvvəlində Azərbaycana səfəri zamanı göstərilmiş səmimi qonaqpərvərliyə görə xarici işlər nazirinə təşəkkür edib.
“Hər iki nazir 2025-ci ilin iyul ayının əvvəlində Azərbaycanda keçiriləcək İƏT Zirvəsinin təfərrüatlarını, iştirakçılarını və mexanizmlərini müzakirə ediblər”, - press-relizdə diqqətə çatdırılıb.
Bizim.Media xatırladır ki, İƏT-in 17-ci Zirvəsi 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək. Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib.
Beynəlxalq iqtisadi toplantının Xankəndidə təşkili əlamətdar hadisədir. Bu həm də Xankəndini diqqət mərkəzinə gətirir. 30 ildən çox separatizmə yuva olmuş bu Azərbaycan şəhərində heç bir rəsmi tədbir və yaxud beynəlxalq konfrans keçirilməyib. Ordumuz şəhəri xunta rejimindən təmizlədikdən sonra Xankəndidə qanuni idarəetmə qurulub.
1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb.
Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən İƏT-in 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran.
Hazırda İƏT-ə üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm region, həm də istehlakçı potensialı baxımından kifayət qədər ciddi potensiala malikdir. Bu potensialına görə təşkilatın böyük perspektivi olduğu hesab edilir. İƏT üzvləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır.
Azərbaycan təşkilatın demək olar ki, bütün üzvləri ilə sıx inteqrasiya, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasəti yürüdür. Belə ki, Bakı Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla Asiyadan Avropaya yükdaşımaların təşkilini nəzərdə tutan Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində iqtisadi əlaqələrini genişləndirir. Ölkələrin nəqliyyat infrastrukturlarının inteqrasiyası istiqamətində çoxsaylı mühüm layihələr həyata keçirilməkdədir. Regionda marağı olan və faktiki rəqabət aparan Avropa İttifaqı, ABŞ və Çinin dəstəyini əldə edən layihənin inkişaf perspektivləri çox yüksək qiymətləndirilir. (Musavat.com)
Bizim.Media