Türkiyədə Ailə və Sosial Xidmətlər Nazirliyi 2025-ci il “Ailə ili” çərçivəsində evlənməyə hazırlaşan cütlüklərə xüsusi dəstək kampaniyasına başlayıb. Ev avadanlığını təmin etmək prosesini asanlaşdırmaq üçün kampaniya çərçivəsində 20 fərqli brendə endirimlər tətbiq olunacaq.
Evliliyə hazırlaşan cütlüklərin maddi yükünü yüngülləşdirməyi hədəfləyən bu kampaniya çərçivəsində ən çox seçilən brend mağazalarla iş birliyi həyata keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda “zerkalni” gündə REKORD SAYDA EVLİLİK
Məişət texnikasından tekstilə, mebel və xalçalara qədər bir çox məhsul qrupunda keçərli olan bu böyük endirimlər yeni ev quracaq cütlüklərə əhəmiyyətli dərəcədə dəstək olacaq.
Nazirlik tərəfindən həyata keçirilən bu layihə həm evlilikləri təşviq etmək, həm də gənclərin daha möhkəm təməllər üzərində ev qurmalarına kömək etmək məqsədi daşıyır. Nikah ərəfəsində yüksək xərclərin qarşısını almaq üçün 20 müxtəlif brend tərəfindən xüsusi endirim protokolları imzalanıb.
Evlənəcək cütlüklər nikah tarixini müəyyənləşdirdikdən sonra Ailə və Sosial Xidmətlər Nazirliyinin rəsmi internet saytından qeydiyyat üçün müraciət edəcəklər. Bundan sonra kampaniyaya daxil olan brendlərin müştəri xidmətləri kanallarından məlumat əldə edib, yararlana biləcəklər.
Arçelik, Beko, Vestel, Bosch, Karaca, Tac, Madame Coco və bir çox tanınmış brendlər bu kampaniyaya qoşulub.
Evlənəcək cütlüklərə dəstək kampaniyasının bənzəri ölkəmizdə də həyata keçirilə bilərmi?
Son illər Azərbaycanda evlənmə yaşının gecikməsi, yaxud boşanmaların sayının artması daha çox sosial problemlər, maddi səbəblərlə bağlıdır. Ev qiymətlərinin bahalılığı, eyni zamanda gəlirlə xərclər arasında fərqin azalması gənc ailələri əlacsız olaraq bu cür qərar verməyə vadar edir. Bütün bunları nəzərə alsaq, bənzər kampaniyalar ölkəmizdə də keçirilə, gəncləri sağlam, uzunömürlü ailə qurmağa təşviq edə bilər.
Azərbaycanda yeni evlənənlər üçün belə kampaniyalar hələ ki yalnız həmin brendlərin fərdi təşəbbüsü ilə həyata keçirilir. Adıçəkilən brendlərin Azərbaycan nümayəndəliklərindən bildirilib ki, rəsmi səviyyədə əməkdaşlıqla bağlı hər hansı təklif olunmayıb. Ancaq satış siyasəti olaraq gənclərin maddi durumu vaxtaşırı nəzərə alınır və belə əlverişli kampaniyalar təşkil olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, qeyd olunan mövzu ilə bağlı hazırda xüsusi proqram yoxdur.
Amma Komitə tərəfindən dövlət ailə siyasətinə dair yeni sənəd layihəsi hazırlanır. Sənəddə gənc ailələrin rifahının gücləndirilməsi ilə bağlı bəzi təkliflər nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanda gənc ailələrin sosial problemlərinin həlli və rifahının artırılması məqsədilə bir sıra dövlət və beynəlxalq təşkilatlar tərəfindən müxtəlif proqramlar həyata keçirilir. Bu proqramlar əsasən mənzil təminatı: gənc ailələrə güzəştli şərtlərlə mənzil almaq imkanı, məşğulluq, sahibkarlıq, psixoloji və hüquqi dəstək sahələrini əhatə edir. Lakin bu proqramdan faydalanmaq üçün müəyyən meyarlar mövcuddur və əhatə dairəsi məhduddur.
Şəfiqə Şəfa, Bizim.Media