Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan azad edilən ərazilərə səfərləri başa çatıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, din xadimlərinin ilk səfəri işğaldan azad edilən Ağdam şəhərində ermənilərin tamamilə dağıtdığı şəhidlər xiyabanı olub.
Şəhidlər xiyabanının tamamilə məhv edilməsi, məzarlardan qalıqların çıxarılaraq atılması barədə qonaqlara məlumat verilib.
Din xadimləri bərpa edilən qəbirləri ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.
Səfər zamanı qonaqların ziyarət etdiyi növbəti məkan isə işğaldan azad edildikdən sonra, əsaslı təmir edilən Ağdam Cümə məscidi olub. Qonaqlara məscid barədə məlumat verilib, işğaldan əvvəlki fotoları təqdim edilib.
Daha sonra İmarət Kompleksinə gələn din xadimlərinə bu yerin tarixi, işğaldan öncəki və işğal dövrünü əks etdirən fotoları təqdim edilməklə məlumatlar verilib.
Qonaqlar yenidən qurulan İmarət Kompleksinin ərazisini gəzərək ziyarət ediblər
Elgün Gəncimsoy, Bizim.Media