Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon mərkəzi xəstəxanasında qeydə alınıb.
Belə ki, Çöl-Ərəb kənd sakini 1993-cü il təvəllüdlü Bayramova Rüfanə Qorxmaz qızı mayın 29-da Kürdəmir rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə ağrıları ilə bağlı müraciət edib. Həkimlər isə ona hər şeyin qaydasında olduğunu və qorxulu bir şey olmadığını bildiriblər.
Bundan sonra, Rüfanə Bayramovanın qayınatası Vidadi Bayramov onu evə aparıb. Bu gün səhər saat 11 radələrində isə Rüfanənin halı qəfildən pisləşib və onu yenidən rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə gətiriblər.
Həkimlər isə qadının vəziyyətinin ağır olduğunu bildirərək onu əməliyyata götürüblər. Sonra həkim cərrah qadının yaxınlarına bildirib ki, “uşaq artıq tələf olub, biz isə yalnız qadının həyatını qurtara bilmişik”.
Hazırda qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qalır. Xəstənin yaxınları bunu həkim səhlənkarlığı ilə əlaqələndirirlər.
Qeyd edək ki, Rüfanə Bayramova 4 övlad anasıdır. Bu isə onun beşinci hamiləliyi idi.
Bizim.Media, Aran bürosu