Daha bir Birinci Qarabağ müharibəsində itkin düşən şəhidin şəxsiyyəti müəyyənləşdirilərək ailəsinə təhvil verilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 33 ildən sonra barəsində xəbər çıxan Əsəddin Novruzovun meyitinin qalıqları doğulduğu Mingəçevir şəhərinə gətirilub. Doğmaları və yaxınları, şəhid ailələrinin nümayəndələri, qazilər, şəhər rəsmiləri itkin şəhidin cənazəsini qarşılayıb.
Doğulduğu evdə keçirilən vida mərasimindən sonra Əsəddin Novruzovun cənazəsi Mingəçevir Şəhidlər Xiyabanına gətirilib. Ruhuna dualar oxunub.
Dəfn mərasimində çıxış edən Mingəçevir şəhər İH başçısı İlham İsmayılov Birinci Qarabağ Müharibəsində itkin düşən insanların qalıqlarının tapılaraq ailələrinə təhvil verilməsi, doğulduğu məkanda torpağa tapşırılması istiqamətində dövlət səviyyəsində xeyli işlər görüldüyünü vurğulayıb.
Bildirib ki, bu istiqamətdə axtarış-tapıntı işləri davam edir.
Şəhər rəhbəri şəhid Əsəddin Novruzovun ailəsinə səbr arzulayıb, Qarabağın ilk şəhidləri kimi onun da xatirəsinin əziz tutulacağını bildirib.
Vurğulanıb ki, Əsəddin Novruzovun sümük qalıqları Ağdərə rayonunun Baş Güney kəndi ərazisində tapılıb. Yaxınlarından alınan DNT analizinin nəticələri açıqlanandan sonra sümüklərin Əsəddin Novrizova məxsus olması təsdiqlənib.
Şəhidin ailə üzvləri 33 ildən sonra Əsəddin barədə rəsmi xəbər verilərək doğulduğu şəhərə gətirilməsində əməyi olan dövlət qurumlarına razılıq ediblər.
Əsəddin Novruzovun cənazəsinə bükülmüş Azərbaycan bayrağı ailə üzvlərinə təqdim edilib. İtkin şəhid Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Leyla Vəfadarqızı, Bizim.Media, Mərkəzi Aran bürosu