Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Bizim.Media xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə doqquz nəfərə şamil olunub.
Əfv edilən məhkumlardan 7-si cəzadan tam azad olunub, 2 nəfərin isə cəzası yarıyadək endirilib.
Əfv sərəncamı şamil olunan şəxslərə arayışları deputatlar, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin rəis müavini, general-mayor Orxan Qasımov, Ədliyyə Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ləman Hüseynzadə, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər ictimaiyyət nümayəndələri təqdim ediblər.
Xatırladaq ki, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.
Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.
Bizim.Media