Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qubada yerləşən N saylı hərbi hissənin əsgəri 20 yaşlı Fariz İsayev hərbi xidmətə bir ay öncə başlayıbmış.
Andiçmə mərasimindən sonra Qubada yerləşən N saylı hərbi hissəyə göndərilən əsgər üç gün sonra - mayın 10-da dünyasını dəyişib.
İddialara əsasən, əsgər troblaşmadan həyatını itirib.
Bəs, ölüm necə və hansı şəraitdə baş verib?
Məsələ ilə bağlı Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Xəstəxanadan saytımıza bildirilib ki, əsgər Fariz İsayev tibb müəssisəsinə daxil olarkən artıq bioloji ölüm halı baş vermişdi:
“Bu səbəbdən heç bir tibbi müdaxilə edə bilmədik. Ölümün necə və hansı şəraitdə baş verməsi müvafiq ekspertizadan sonra məlum olacaq”, - deyə qeyd olunub.
Məsələ ilə bağlı Sumqayıt Hərbi Prokuroluğunda araşdırma başlanılıb.
Qeyd edək ki, məlumatı ilk olaraq Bakupost.az saytı yayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu