İrandan Azərbaycana idxal olunan bəzi qızılgül bağlamalarında zərərverici qurdların olması ilə bağlı xəbər dərc etmişdik. Həmçinin qızılgüllərin ləçəklərinin arasında açıq-aydın ağ xırda qurdların hərəkət etdiyinə dair videogörüntü təqdim etmişdik.
Həm dekorativ, həm də kulinariya məqsədilə istifadə olunan güllərin qurdlu çıxması ictimaiyyətdə ciddi narazılıq yaradıb. Həmçinin qızılgüllərin gömrük postundan bu vəziyyətdə ölkəyə buraxılması müəyyən suallar doğurub.
MÖVZU İLƏ BAĞLI:
SENSASİON İDDİA - İrandan Azərbaycana gətirilən qızılgüllərdə qurd var - VİDEO
Qeyd edək ki, qızılgüllər gömrük keçid məntəqəsində həm Gömrük Komitəsi, həm də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlanılır. Həmçinin AQTA tərəfindən fitosanitar nəzarətə götürülür. Güllər üzərində vizual yoxlama, lazım gəldikdə isə laborator analiz aparılır. Əgər zərərvericilər aşkarlanarsa, məhsul geri qaytarılır, məhv edilir, yaxud dezinfeksiya üçün xüsusi rejim tətbiq olunur.
Bəs, iki rəsmi qurumun yoxlanışı ilə qurdlu qızılgüllərin ölkəyə buraxılması və satışına icazə verilməsi necə baş verib?
Hələki nə Gömrük Komitəsi, nə də AQTA məsələ ilə bağlı açıqlama verir.
Maraqlıdır, güllərdə ziyanvericilərin olması hansı fəsadlara yol açır? İdxal və ixrac zamanı nələrə diqqət yetirilməlidir?
Bizim.Media-nın araşdırmasına görə qızılgüllər isti, havasız və rütubətli şəraitdə tez solur və küflənirlər. Xüsusilə birbaşa günəş şüaları və istilik cihazlarından uzaq tutulmalı, nəmləndirici sistemlər vasitəsilə saxlanılmalı, uzaq məsafələrdə termo-konteynerlərdə daşınmalıdır. Daşınmazdan öncə konteynerlər dezinfeksiya olunmalıdır.
Məlumat üçün bildirək ki, qızılgül kimi dekorativ və qoxulu güllərdə zərərli qurdların olması insan orqanizminə mənfi təsir göstərir. Ləçək və yarpaqlarında qurd olan güllərə toxunub, qoxlamasaq belə onların mikroorqanizmləri havaya yayılaraq xüsusən həssas orrqanizmi olan insanlarda, uşaqlarda burun axması, göz yaşarması, dəri səpkiləri, tənəffüs çətinliyi kimi allergik reaksiyalara səbəb ola bilər.
Bundan başqa, zərərli qurdların toksik ifrazatı baş ağrısı, halsızlıq kimi əlamətlər yaradır. Uzunmüddətli təmas zamanı isə (məsələn satışı ilə məşğul olanlar, yaxud ləçəklərindən ətriyyat və məişətdə istifadə edənlər nəzərdə tutulur) daha ciddi fəsadlara yol aça bilər.
Belə ki qurd yoluxmuş güllərə toxunduqda dəri, göz və ağız vasitəsilə orqanizmə parazitlər daxil olur. Nəticədə bu, təkcə göbələk mənşəli xəstəliklər və allergik reaksiyalar deyil zəhərlənməyə də səbəb ola bilər.
Əgər belə güllərə artıq təmas olunub və dəridə qıcıqlanma, səpkilər yaranıbsa, dərhal əllər bol sabunla yuyulub, antiseptik krem çəkilməlidir. Göz və ağız isə 10-15 dəqiqə ərzində soyuq axar su ilə yuyulmalı və bol su içilməli, həkimə müraciət edilməlidir.
Şəfiqə Şəfa, Bizim.Media