“Bu günlərdə Yasamalda insanlar kamera vasitəsilə narkotik vasitələrin satışını həyata keçirən müəyyən bir şəbəkənin ifşasına kömək etdilər. Bu, çox önənmli bir addımdır. Çünki vətəndaşlar bu prosesə qoşulmasalar, Azərbaycanı narkotik faciəsindən qurtarmaq çətin olacaq. Bu yalnız polisin, xüsusi xidmət orqanlarının işi deyil”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, narkotik satışını həyata keçirənlərə qarşı vətəndaşlar da mübarizə aparmalıdırlar:
“Mən hansısa narkotik istifadəsinin də həbs olunmasının da tərəfdarı deyiləm. Müalicə mexanizmi düzgün qurulmalıdır və onlar ora göndərilməlidir. Həbsxananı bu cür kateqoriyadan olan insanlarla doldurmaq orada olan sağlam insanların da gələcəyi üçün problem yarada bilir. Amma narkotik satışını həyata keçirən şəbəkənin çökdürülməsi üçün bütün vətəndaşlar prosesə qoşulmalıdırlar.
Birinci növbədə məktəblərin ətrafında ola biləcək satış mərkəzlərini ifşa edib məsuliyyətə cəlb etmək vacibdir. Bu informasiya sıradan görünə bilər. Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır. Bunun satışı xüsusilə qonşu ölkələr vasitəsilə həyata keçirilir”.
Günay Şahmar, Bizim.Media