Masallı rayonunun Çaxırlı kənd sakini, 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva may ayının 11-i gecə saat 23:00 radələrində yaşadığı evdən çıxaraq itkin düşüb. Artıq 11 gündür ki, ondan heç bir xəbər yoxdur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata əsasən, Şəfa Fətullayevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında axtarış elan edilib və onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
İtkin düşən qızla bağlı yeni məlumatlar da yayılıb. Kənd sakinlərinin dediyinə görə, ailə uzun illər Rusiyada yaşayıb və yalnız bir neçə ay əvvəl Azərbaycana – doğma yurdlarına geri qayıdıblar.
Qayıtdıqdan sonra valideynlərin ayrıldığı və hazırda kənddə daimi yaşamadıqları bildirilir. Qonşuların sözlərinə görə, Şəfanın Bakıda – anası və ya yaxın qohumlarından birinin yanında olduğu ehtimal edilir. Lakin bu addımların hansı səbəbdən atıldığı məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu