Şəhərdaxili avtobuslar üçün marşrut boyu xüsusi dayanacaqlar quraşdırılıb. Avtobuslar həmin dayanacaqlardan istifadə edərək sərnişinlərin mənzil başına çatmasına yardımçı olurlar.
Şəhərdə mərkəzi küçələrdə xüsusi dayanacaqlar quraşdırılıb, şəhərətrafı qəsəbələrin bəzi yerlərində dayanacaq inşa edilməsə də sərnişinlərin və avtobusların işarələnmiş məkandan dayanacaq kimi istifadə edilməsinə icazə verən nişan vurulub.
Bəzi hallarda sosial şəbəkələrdə sərnişin və sürücülər arasında müəyyən neqativ halların baş verdiyini görürük. Bunlar əsasən avtobusların dayanacaqda saxlamaması və ya sərnişinin dayanacaq olmayan ərazidə avtobusun saxlaması tələbi ilə bağlı olur.
Bəs avtobusları hansı halda dayanacaqdan kənarda saxlamaq olar?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat sahəsi üzrə ekspert Aslan əsədov deyib ki, texniki nasazlıq, sərnişinlərlə bağlı narahatlıq və bu kimi fors-major hallarda nəqliyyat vasitələrinin dayandırılmasına zərurət yaranırsa, dayanmalıdır:
“Azərbaycan Respublikasının heç bir qanununda xanıma yer, yol verməsən cərimə olunmaqla bağlı müddəa yoxdur. Hansısa cəza, inzibati tənbeh nəzərdə tutulmayıb. Amma hər bir vətəndaş ictimai nəqliyyata xanım girən vaxt qadına yer verilir. Bu, milli dəyər, milli məfkurədir. Bu cür hallar avtobusa da aiddir, yəni avtobusda insan vəfat edirsə və ya ciddi problem yaranırsa, avtobusu saxlamaq olar. Burada vəziyyəti dəyərləndirmək laızmdır”.
O bildirib ki, avtobusu dayanacaqdan kənarda saxlamağa görə cərimələr var:
“Hadisədən, vəziyyətdən asılı olaraq 60, 80, 100 manat məbləğində cərimələr müəyyən edilib. Amma ümumiyyətlə, Bakıda mərkəzi ərazilərdə son zamanlarda aparılan islahatlar çərçivəsində dayanacaqların təsbit olunması ən azından dayanacaq nişanı ilə belə həmin ərazilər ayrılıb.
Ona görə də dayanacaqdan kənarda saxlamaq anlayışı yoxdur. Düzdür, bəzi kənar ərazilərdə problem qalmaqdadır, yenə də kim harda istəyir saxladır. Amma şəhər ərazisində, zolaqlanmış ərazailərdə bu mümkün deyil, qəti qadağandır. Buna görə birbaşa daşıyıcı şirkət cərimələnir və inzibati tənbeh olunur”.
Günay Şahmar, Bizim.Media