Zaqatala sakinlərinə məxsus 100 hektarlarla əkin sahələri, eləcə də meşə fondu torpaqları günlərdir sel suları altında qalıb.
Aramsız yağan yağışlardan sonra rayon ərazisindən keçən Qanıx və Katex çayları daşaraq rayonun Aşağı Çardaxlar kənd sakinlərinin pay torpaqlarında əkdikləri arpa, buğda, qarğıdalı, yonca və bostan bitkilərinə ziyan vurub.
Bizim.Media-nın yerli bürosunun əməkdaşları təbii fəlakət zonasında olub.
İlkin müşahidələrimiz onu göstərir ki, su basmış ərazilərdə əkin əlamətləri qalmayıb, buralar sanki ya bataqlıqdır ya da göl suları.
Təbii fəlakətdən ən çox əziyyət çəkən taxılı, arpası, bostan və maldarlıq təsərrüfatı sel suları altında qalan Eldar Vəliyev bizi bütün çətinliyə və risklərə baxmayaraq ona məxsus pay torpağındakı təsərrüfatına çatdıra bilir.
Mənzərə doğrudan da açınacaqlıdır.
Təsərrüfat sahibi deyir ki, ərazinin ətrafına xüsusi kanal çəkdiribmiş. Sel suları o qədər çox olub ki, kanalı bir neçə yerdən yararaq əraziyə daxil olub.
“Qarşıda gördüyünüz arpa, buğda, yonca sahəmdir. Bu mənim kartof, bostanlığımdır, bura isə ferma təsərrüfatımdır. Mən buradan neçə illərdi ki, ziyan görürəm, xeyr götürə bilmirəm. Katex və Qanıx çayları aşıb bizim bu sahələri pis günə qoyub. Əgər Katex çayının qarşısı alınmasa, bəndlər basılmasa biz buradan heç vaxt xeyr götürə bilməyəcəyik” deyən Eldar sözlərinə onu da əlavə edir ki, əkin üçün 5 min manat xərc çəkib və hamısı zərərə gedib.
“Siz əkin sahələrini sığorta etdirmisinizmi?” - deyə sual ünvanladıq. – “Yox, düzünü desək, mən elətdirməmişəm. Yalan deyə bilmərəm. Hər il də bu ziyanı görürəm”.
Yolumuza davam edirik.
Eldar Vəliyev bir qədər aralıdakı gölə bənzər sahəni göstərərək “Bura qardaşım Elşadın qarğıdalı sahəsidir. İndi ondan əsər-əlamət qalmayıb. 2.5 hektarda qarğıdalı əkmişdi. Daha mümkün deyil ki, məhsul götürə. Çünki orada hardasa suyun səviyyəsi 1 metrə çatır” deyir.
Sakinlər bildirir ki, sel suları ilk günlər bir metrdən yuxarı olub. Bunu kol-kosun, otların sarı torpaq qatından bilmək olar.
Kənd sakinləri Mehralı Məmmədov və Bayram Gəncəliyevin üst başlarından hiss olunur ki. suyun içindədirlər. Onların əkin sahələrinə nə at arabası, nə də maşınla getmək mümkündür. Çünki Qanıx çaya yaxınlaşdıqca sel suyun səviyyəsi də yüksəlir. Mehralının 3 hektar yoncası, Bayramın isə 5 hektar yoncası və bostan-tərəvəz sahələri tamamilə məhv olub. Onlara da müvafiq olaraq 4-6 min manat arasında maddi zərər dəyib.
Dövlət Su Ehtiyatları Agentliyi Zaqatala Su Melorasiya Sistemlərinin İstimarı İdarəsinin rəis müavini Şahmurad Muradov sel sularının basdığı ərazilərdə hər gün monitorinq apardıqlarını, suyun səviyyəsinin cüzi azaldığını bildirir.
Rəis müavini hər iki çayda suyun səviyyəsi enəndən sonra ağır texnikalar vasitəsi ilə mənbə təmizləmə işlərinə başlaya biləcəklərini deyir.
Şahmurad Muradovun sözlərinə görə, leysan yağışlarından sonra dağ çaylarında sel sularının artması müşahidə olunur. Bununla əlaqədar rayon ərazisindən axan Muxaxçay, Talaçay və Bəhməz çayların mənbələrində təmizləmə işləri sürətləndirilib. Qeyd olunan Katex çayının Aşağı Çardaxlar kəndi ərazisindən keçən hissəsində isə sular azalandan sonra mənbə təmizləmə, torpaq valların vurulmasına başlanacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
15:40 / 21.05.2025
Yağış bitsə də, fəsadları davam edir... – Zaqataladan REPORTAJ -FOTO/VİDEO
Hazırda oxunan: Yağış bitsə də, fəsadları davam edir... – Zaqataladan REPORTAJ -FOTO/VİDEO
Hazırda oxunan: Yağış bitsə də, fəsadları davam edir... – Zaqataladan REPORTAJ -FOTO/VİDEO
250497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.