Bir aydan çoxdur qaranlığa qərq olan XINALIQ – FOTO/VİDEO

Bir aydan çoxdur qaranlığa qərq olan XINALIQ – FOTO/VİDEO

Hazırda oxunan: Bir aydan çoxdur qaranlığa qərq olan XINALIQ – FOTO/VİDEO

250493

Qubanın Xınalıq kəndi bir aydan çoxdur gecələr zülmətə bürünür. Dünya səviyyəsində tanınan və xarici turistlərin müntəzəm ziyarət etdiyi Xınalıq kəndində işıqların sönməsi artıq adətə çevrilib.

Bizim.Media-ya danışan kənd sakini Namiq Xınalıqlı məlumat verib ki, aprelin 14-də müşahidə olunan qarlı havadan sonra kənddə 20 gün ümumiyyətlə işıq olmayıb.

Bərpa olunandan sonra isə elektrik enerjisi Xınalığa fasilələrlə verilir:

"Əsəblərimiz pozulub. İşıqlar günün istənilən vaxtı fasilələrlə verilir. Neft və şam almaqdan yorulmuşuq. Uşaqlarımız gecələr dərs öyrənə bilmir, şam işığında nə vaxtadək dərs oxuyacaqlar? 21-ci əsrdə yaşayırıq, amma işıqlar gecələr uzun müddətli sönür, əsəblərimiz tarıma çəkilib. Əcnəbi turist bu vəziyyəti görsə, məşhur Xınalıq kəndi haqda nə düşünəcək?”.

Xınalıq sakini deyir ki, analoji vəziyyət qonşu Bostankeş və Qalaxudat kəndlərində də hökm sürür. Bu kəndlər də Xınalıq İƏD-nə daxildir. 3 kənddə 210 ev, 620 təsərrüfat var və burada 2700-ə yaxın sakin yaşayır.

Namiq Xınalıqlının sözlərinə görə, işıqla bağlı şikayətlərini aidiyyatı qurumlara çatdırsalar da, tədbir görən yoxdur.
 

“Hər axşam işıqlar söndürülür, təbii fəlakətin nəticələri aradan qaldırılıbsa, bu dağ zonasında işıqlar gecələr, bəzən də gündüzlər niyə söndürülür?” - deyə o, əhalinin narazılığınını dilə gətirib.


Səslənən şikayətlə bağlı Quba elektrik şəbəkəsinin rəisi Xətai Məmmədovla əlaqə saxladıq.

Şəbəkə rəisi məlumat verdi ki, "təbii fəlakətdən sonra işıqlar Xınalıq istiqamətində tam bərpa olunub. Xırda təmir işləri ortaya çıxır ki, onları da aradan qaldırırıq. Ötən gün külək səbəbindən elektrik xəttində qırılma vardı, saat 23.30-da bərpa etdik".

Xətai Məmmədovun sözlərinə görə, Xınalıq kəndində enerji verilişində hər hansı problem yoxdur.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO