Tarixən ölkəmizdə çox peşəkar pilotlar olub və bu gündə yetişməkdə davam edir. Bunlardan biri də Yevlaxın ilk pilotlarından sayılan Elmi Həsən oğlu Rüstəmovdur. Elmi bəy həm də Birinci Qarabağ müharibəsi veteranıdır.
Bizim.Media maraqlı həyat tarixçəsi olan peşəkar pilotumuzla söhbətləşib.
“Mənə deyirdilər ki, özünə normal peşə tap”
Söhbət zamanı məlum olub ki, müsahibimizin təyyarəçi olmaq istəyini onda qardaşı Anatoli Rüstəmov yaradıb və ilk təyyarəyə oturan andan pilot olmaq eşqinə düşüb:
“Qardaşım Anatoli və mən Yevlaxın ilk təyyarəçilərindən hesab edilirik. Bir gün o, məni Yevlaxdakı hava limanına apardı və öz təyyarəsinə otuzdurub havaya qalxdı. Havaya ilk dəfə qalxanda çox həyəcanladım, sonra isə qeyri-ixtiyari təyyarəni idarə etmək həvəsi yarandı məndə... Həmin gün özümə söz verdim ki, mütləq təyyarəçi olacam. Təbii ki, bu məsələ ilə bağlı həm valideynlərim, həm də ətrafımdakı insanlar tərəfindən çoxlu basqılar gördüm. Çoxu mənə deyirdi ki, özünə normal peşə tap. Bu iş çox risk və məsuliyyət tələb edir. Deyilənlərə baxmayaraq mən bu sahə üzrə təhsil almaq qərarına gəldim.
1962-ci ildə Rusiyanın Saratov vilayətində aviasiya üzrə ali təhsil almağa başladım. 1965-ci ilin iyun ayında təhsilimi başa vurub Yevlaxa qayıtdım. Rusiyada təhsil aldığım dövrdə 65 nəfər içərisində mənim adım hər zaman nümunəvi tələbələr arasında çəkilirdi. Oxuduğum dövr ərzində 22 “Təşəkkürnamə” almışdım”.
Elmi bəy Rusiyada təhsilini bitirdikdən sonra bir şox şəhərlərə işləmək üçün təkliflər alsa da, doğma yurduna - Yevlaxa qayıtmaq qərarına gəlir. O, 41 il ömrünü təyyarəçi olmağa həsr edir.
Bir neçə pilotumuz qayalara çırpılıb dünyasını dəyişmişdi...
Həmsöhbətimiz 55 təyyarəçinin yetişməsində rolu olduğunu da vurğulayıb:
“Yevlax həmin dövrlərdə sanki təyyarəçi yetişdirən bir məktəb idi. Bir çox pilotlar burada yetişirdi. Şəxsən mənim 55 təyyarəçinin yetişməsində böyük rolum olub və bununla da qürur duymuşam. Ən böyük arzum uzaq xarici ölkələrə uçmaq idi. Çünki bir çox ölkələrə hətta Nyu-Yorka uçan təyyarəçilər mənim tələbələrim olub. Amma atam buna icazə vermədi. Dedi, iki oğlum var və ikisi də bizi tərk etmək istəyir. Qardaşım da mənə söylədi ki, sən qal mən gedim.
Məcbur razılaşdım.
Ondan sonra kiçik təyyarələr sürməyə başladım. Buna baxmayaraq İrandan hər zaman məni istəyirdilər. Çünki İran ərazisi dağlıq olduğundan orada təyyarə sürmək çətin idi. Hətta bir neçə əməkdaşımız İranda qayalara çırpılıb dünyasını dəyişmişdi. İsmayıllıda işləyən vaxtı Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitin dəfələrlə deyirdi ki, burda bir nömrəli təyyarəçi Elmidir”.
Qalaq-qalaq meyit daşıyırdım...
Peşəkar pilotun Birinci Qarabağ müharibəsində də əməyi az olmayıb. O, bir çox yaralı və meyitlərin daşınmasında iştirak edib.
“1992-ci ldən mühribə başlayan gündən qurtaran günə qədər mən Qarabağ bölgəsindən çoxlu yaralı və meyitlər daşıdım. Ora uçmağa çox uşaqlar qorxdular. Qorxmaqdan əlavə, onlar oranı yaxşı tanımırdılar. Bu səbəbdən da bir neçə pilotumuzu təyyarə qarışıq vurub yandırdılar. Həmin illər çox dəhşətli idi. Demək olar ki, yolları əlimin içi kimi tanıdığımdan təyyarəmi vura bilmirdilər. Həm də dağların üstüylə müxtəlif manevrlər edirdim ki, düşmən təyyarəni vura bilməsin.
Yüzlərlə yaralını Ağdamdan, Xocalıdan Bakı və Gəncə xəstəxanalarına daşıyırdım. Ən dəhşətlisi isə qalaq-qalaq meyitlərin daşınması idi. Günlərlə evə gəlmirdim. Mənə Qarabağ müharibəsi iştirakçısı vəsiqəsi də verilmişdi”.
Çəkdiyi bu qədər əziyyətlərə rəğmən müsahibimiz yenə də öz sənətini çox sevdiyini, hətta yuxularında belə hələ də uçduğunu dilə gətirib.
Pilot Yevlaxda Lida adlı xanımla ailə qurub. Onların 3 oğul övladı, 5 nəvəsi, 3 nəticəsi var.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu