Direktorların qadın olması məktəblərdə PROBLEM YARADIR? – MÜHÜM AÇIQLAMA

Direktorların qadın olması məktəblərdə PROBLEM YARADIR? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Direktorların qadın olması məktəblərdə PROBLEM YARADIR? – MÜHÜM AÇIQLAMA

250320

Son vaxtlar məktəb direktorlarının təyinatı üzrə fəaliyyətindən çox onların davranışları gündəmdədir.

Direktorların kollektivlə qeyri-peşəkar münasibəti, valideyn birliklərinə yanaşması, problemli ünsiyyəti böyük narazılıqlar yaradıb.  Ümumiyyətlə məktəb daim müzakirə mərkəzində olan struktur olduğu üçün istər təhsil işçiləri, istərsə də valideynlər tez-tez bu barədə tənqidi fikirlər yürüdürlər. Məktəblərdə narazılıqlar yaradan məsələlər arasında pul yığımı hələ də üstünlüyünü qorusa da, son vaxtlar yayılan səs yazılarından açıq-aydın peşəkar direktor-müəllim ünsiyyətinin pozulduğunu, loru dildə desək, qeybətə çevrildiyini görmək olar.

Bəs, bu ünsiyyət formasının məişət-məhəllə səviyyəsinə düşməsinin səbəbi nədir?

Bu məsələdə təhsil mütəxəssisləri və vətəndaşlar arasında fikir ayrılıqları var. Müxtəlif fikirlər arasında bunu ən çox məktəb direktorlarının məhz qadın olması ilə əlaqələndirirlər. Necə deyərlər,  iki və daha çox qadının bir arada olması dedi-qodu üçün daha münbit şərait yaradır.

Problem həqiqətənmi məktəb direktorlarının məhz qadın olmasında, ümumiyyətlə kollektivdə çoxluğun qadınlardan ibarət olmasındadır? 

Kişilər aydan arı, sudan durudurlarmı?

Sosioloq Mail Yaquba görə, problem cinsdə deyil:

“Bu yanaşma ilə razı deyiləm. Baxın, tənqidlər əsasən hansı istiqamətlərdədir? Direktorlar dedi-qodu ilə məşğuldurlar, pul yığırlar, valideynlərə qarşı aqressiya göstərirlər. Sual yaranır: Belə pis xüsusiyyətlər təkcə qadınlar arasındamı olur? Kişilər bu məsələdə aydan arı, sudan durudurlarmı? Əlbəttə ki yox! Ortada mövcud olan qanun pozuntusu – pul hərisliyi, yekəxanalıq kimi əməllərdən məgər kişilər uzaqdırmı? Ümumiyyətlə insan psixologiyasının əsas bazası kişilər və qadınlarda eynidir. Cüzi fərqlər ola bilər, amma o qədər yox ki, kişi direktorların kollektivində belə pis halların yaşanmadığını deyə bilək. Şikayətlərin məhz xanım direktorlarla bağlı olması problemin sırf qadınlarda olmasını deməyə əsas vermir. Bu barədə dəqiq statistika olmalıdır ki, konkret söz danışılsın”. 

Məktəblər telefon zəngləri, səs yazıları və çatlarla idarə olunur

Təhsil eksperti Elşən Qafarov isə bildirib ki, problem ümumiyyətlə təhsil müəssisələrində direktorların düzgün seçilməməsindədir:

“Azərbaycanda 4252 dövlət məktəbi, 34 özəl məktəb var. Bir neçə ildir ki, məktəb direktorları ilə müddətli əmək müqaviləsi bağlanılır. Buna görə də məktəb direktorları daim vəzifələrini itirmək qorxusu ilə yaşayırlar. Məktəbdə mədəni təhsil mühitinin yaradılması onlar üçün önəmli deyil.

Hazırda məktəblərin əksəriyyətində yeni təyin olunmuş direktorlardır. Onların arasında kifayət qədər bacarıqlı direktorlar da var, amma çox təəssüflər olsun ki, təhsil cameəsində sinfi idarə edə bilməyənlər necə olursa, məktəb direktoru olurlar.

Bundan başqa birillik əmək müqaviləsi bağlanmış direktor məktəbdə lazım olan mühiti yarada bilmir. Məktəblər telefon zəngləri, səs yazıları, çatlar vasitəsilə idarə olunur. Əslində çox faciəvi bir vəziyyətdir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO