Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - VII HİSSƏ
Generalın “Son nəfəsə qədər: Bir döyüşün hekayəsi” sərlövhəli oçerkinin VIII hissəsini təqdim edirik:
Mühasirədən Çıxış – Ən Uzun Gecə
Gecə öz qara yapıncısını ağappaq qarla örtülmüş torpağın üzərinə çəkməyə başlamışdı. Elə bil fələk bu torpaqların ağrı-acısını, bu yerlərin çəkdiyi iztirabı ört-basdır etməyə çalışırdı. Amma o zülmət pərdə — o qara yapıncı — göydən yağan qarın qarşısını ala bilmirdi. Hava, sanki mühasirədən çıxmağa çalışanlara öz gücü çatan qədər yardım etməyə can atırdı; axı bu torpaq da bizimlə birlikdə döyüşür, bizimlə birlikdə əzab çəkirdi.
Bütün bölmələr hazır vəziyyətdə idi. Hər kəs şəhid və yaralı silahdaşlarını yanına almış, soyuq dəmir maşınlara doluşmuşdu. Hərəkət əmri gözlənilirdi. İrəlidə mövqe tutmuş kəşfiyyat bölmələrinin verdiyi məlumata əsasən istiqamət müəyyənləşdiriləcəkdi.
O əsrarəngiz, sirli və bir o qədər də əzabkeş Həsənriz — o vaxtkı Aterk — bizi sanki susqun baxışlarla yola salırdı. Bizi aclıqdan qorumaq üçün qarlı torpağının altında saxladığı donmuş meyvələrini belə əsirgəməmişdi. Öz dağları, təpələri ilə bizi gizlətmiş, sinəsinə basaraq qorumuşdu. Amma biz... biz onu tərk edirdik. Onu düşmənin murdar caynağına buraxır, öz canımızı xilas etməyə çalışırdıq.
Bu, təkcə bir geriçəkilmə deyildi — bu, bir ürək ağrısı, bir vicdan yanğısı idi. İçimdə boğulan, səs tapa bilməyən bir hayqırtı vardı. Bu, cəmi 18 yaşı olan bir gəncin anlaya bilmədiyi, amma gözünün qarşısında baş verən satqınlıqlara, susqunluqlara, vətən torpaqlarının düşmənə tərk edilməsinə qarşı bir etiraz idi.
Gör, biz kimdən qaçırdıq axı? Qanını bu torpaq uğrunda tökən, düşməni əsrlərlə diz çökdürən bir xalqın övladları nədən geri çəkilirdi? Niyə son nəfəsədək döyüşmürdük? Niyə? Bəs o yuxarılarda, sobalı otaqlarda əyləşən rəhbərlər, generallar, komandirlər bu torpaqların düşmən tapdağı altında qalmasına niyə susurdular? Əgər bu xalqı birləşdirib düşmənin qarşısına çıxmağa cəsarətləri yox idisə, bəs onda niyə vəzifədəydilər?
Niyə tarix boyu düşmənə qan udduran, ordusunu at belində qələbədən-qələbəyə aparan xalqımızın içindən heç kim çıxıb bu millətin səsinə səs vermirdi? Niyə başımızın üstündə həmişə bizə yuxarıdan baxan, millətimizi hər fürsətdə aşağılayan, rus dilində yalnız söyüşlə danışan Nəciməddin Sadıqov kimi rusbaşlar dayanmalıydı? Axı onların nə ruhu, nə kökü, nə də sevgisi bu torpağa bağlı deyildi...
Bəs indi hanı o rusbaşlar? Hanı bizə döyüşəcəyini deyən, amma əslində bizi qurban verən “komandir”lər? Geri çəkilən yalnız biz idik, yoxsa onların yalanları, vəzifələrə yapışıb qalan satqın maskaları idi?
Bu suallar sinəmə dağ kimi çökmüşdü. Hər cavabsız qalan sual içimdə yığılıb qalan qəzəbi alovlandırır, həm ermənilərin timsalında düşmənə, həm də düşmənin dəyirmanına su tökən içimizdəki satqınlara qarşı nifrətimi daha da dərinləşdirirdi.
Bu sətirləri yazarkən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü idi. Və düşünürəm — nə yaxşı ki, 1993-cü ilin o çətin iyununda xalqımız müdriklik edib, o dahi şəxsiyyəti — Heydər Əliyevi — Bakıya dəvət etdi. O günləri yaşamayan heç kim anlaya bilməz ki, xalq hansı uçurumun kənarında dayanmışdı. Ölkənin, dövlətin, ordunun, xalqın taleyi bir tükdən asılı vəziyyətdə idi. Elə bir an idi ki, yalnız o qüdrətli insanın təcrübəsi, iradəsi və əzmi bu qara buludları dağıda bilərdi.
Ulu öndər, xalqına, ordusuna və bu müqəddəs torpağa xəyanət edənlərin çoxunu təmizləsədə təəssüf ki, o rusbaşların bəziləri — satqınlar və milli iradəni tapdalayanlar — illər keçsə də, maskalanaraq yenə də vəzifələrdə qala bildilər. Elə bil heç nə olmamışdı. Hətta bəziləri daha da yüksəldi, xalqın taleyini həll edən kreslolarda əyləşdi. Onlar öz maraqları naminə xalqımızın və ordumuzun ən istedadlı, ən bacarıqlı oğullarını sıradan çıxarmağa, boğmağa, məhv etməyə davam etdilər. Əslində düşmən yalnız səngərdə deyildi — içimizdə idi, bizə oxşayan, bizimlə danışan, amma içində başqa bir millətin təlimatlarını daşıyan düşmən.
Bu düşüncələrin girdabından məni mexanik-sürücünün daxili rabitə ilə gələn səsi ayırdı:
— Kolon hərəkətə başladı... Hərəkət edim, yoxsa bir az ara verim?
Dodaqlarımı sıxıb, ürəyimdə ağır bir yükü daşıya-daşıya cavab verdim:
— Tələsmə... Qoy hamı gəlib keçsin, kənd tam boşalsın. Əmin olaq, sonra gedərik...
Sözlər boğazımdan çətinliklə çıxdı. Elə bil son dəfə əzizini qara torpağa təslim edən birinin kövrəkliyi vardı o cümlələrdə. İçim sıxıldı. Çünki biz bu torpağı da, bu torpağın ruhunu da qoyub gedirdik...
Ağappaq qarın içində Umudlu kəndinə doğru uzanan yolla, işıqlarını yandırmadan səssizcə irəliləyən avtomobillər bir-bir gözlərimizdən yoxa çıxırdı. Sanki onlar da bizim kimi görünməz olmağa çalışırdılar... Məchulluğa doğru irəllləyirdilər — dönüb baxmamaq üçün, ağlamamaq üçün...
Həsənriz (o vaxtkı Aterk) isə arxamızca baxırdı... Yalnız, sükut içində, göz yaşını içinə axıdan bir insan kimi. Elə bil deyirdi: “Məni qoyub hara gedirsiniz?..”
O anda içimdə doğan hiss — o sıxıntı, o günahkarlıq — sonralar bütün hərbi xidmətim boyu mənimlə birgə yaşadı. Hər dəfə cəbhə bölgələrində — 703, 702, 181 və 706 saylı hərbi hissələrdə xidmət etdiyim zaman, hər dəfə düşmənə qarşı planlanan əməliyyatlarda, Xüsusi Təyinatlı Qüvvələrin sıralarında keçirdiyimiz hər xüsusi tapşırıqda, və nəhayət, 44 günlük Vətən Müharibəsinin alovlu döyüşlərində — mən o nöqtəyə, o Həsənrizə — qürurla, qisasla, alnıaçıq şəkildə qayıtmaq eşqiylə döyüşdüm. Bəzən bir an, bir gecə, bütöv bir ömür qədər iz buraxır. İndi susaraq tərk etdiyim bu torpaq, illərlə içimdə mənimlə danışacaqdı… ta ki, mən bir gün ora geri qayıdana qədər.
Təxminən bir saat əvvəl kapitan Rəhimov son dəfə rabitəyə çıxmışdı. Onunla birlikdə 4 zabit, 13 kursant olmaqla 17 nəfər heyətin qarli dağlarla hərəkət etdiklərini, yanlarında başqa bölmələrin də şəxsi heyətindən olan əsgərlərin olduğunu, Həsənrizə tərəf hərəkət edə bilməyəcəklərini bildirmişdi
Bir daha Həsənrizi tərk etməmiş bölük komandirilə əlaqə yaratmaq məqsədilə rabitədə çağırdım. Gecənin sakitliyində bütün diqqətimi rabitənin trubkasından gələn xışıltının içərisində bir səs axtararq ümidlə təkrar-təkrar cağırırdım... Amma heç bir cavab yox idi. Böyük ehtimalla rabitəsinin bataryası artıq bitmişdi.
— Gedək, — dedim nəhayət. Qülləni sağ tərəfə, gölün sağ sahilində olan düşmən mövqelərinə tərəf çevirdim. Mexanik-sürücü heç nə demədən PDM-i hərəkətə gətirdi...
Umudlu və Zəylik kəndlərinin üzərindəki yüksəkliklərdən hərdən kəsik-kəsik atəş səsləri eşidilsə də, ümumilikdə sakitlik hökm sürürdü. Havada yalnız ağır-ağır irəliləyən texnikaların səsi duyulurdu.
Düşmən tərəfəd sakitlik idi. Ya havanın qaranlıq, qarışıq və dumanlı olması onları gözləmə mövqeyinə məcbur etmişdi, ya da onlar da başa düşürdülər ki, sabah qarşılarına çıxacaq bu bölmələr geriyə yol olmadıqda son nəfəsədək döyüşəcəkdilər. Bizim bölgədən çıxmağımız onların daha böyük itkilərinin qarşısını alırdı — buna görə də, bəlkədə mane olmurdular. Bəlkə də qarşıda fürsət gözləyirdilər.
Kolon Umudlu kəndini keçdikdən sonra dayandı. 15 dəqiqədən sonra bir əsgər qaça-qaça gələrək.
- qardaş orda, irəlidə siz çağırırlar. Orada çoxlu yanmış maşınlar var yolu bağlayıblar. Keçmək olmur.
- Başa düşdüm. Sən irəlidə get sürücülərə denən nə qədər bacarırlar maşınları sola sıxsınlar.
O “yaxşı” deyib gəldiyi istiqamətdə geri qayıtdı.
Mən PDM-in qülləsindən yerə atlanıb mexanik-sürücü tərəfə gəldim. Sağ tərəfdən ona yanaşaraq:
- Həsən mən irəlidə gedib sənə yol göstərəcəm. Çıx maşınlardan sağa yavaş-yavaş arxamca gəl. Amma ehtiyatlı ol uçurumdan aşağı düşməyək.
- Narahat olmayın. – onun səsində bir arxayınlıq var idi. Bu neçə müddətdə o işini nə qədər peşəkarcasına bacardığını dəfələrlə sübut etmişdi.
Mən kolonun sağına keçərək avtomobillərlə Sərsəng su anbarının kənarında olan uçurum arası ilə addımlamağa başladım. Qaranlıq gecənin dahada dondurduğu Sərsəngin donmuş nəfəsi üzümə vururdu. PDM arxamca az qala avtomobillərə sürtünərək gəlirdi.
Çox ehtiyatla, qarın üzərində sürüşməmək üçün addımlarımı yerə bərk-bərk basaraq yanmış avtomobillərə çatanda, qaranlığın içindən qəfil açılan mənzərə nəfəsimi kəsdi. Gecə olsa da, bəyaz qarın içində birdən-birə qarşıma çıxan bu mənzərə sanki cəhənnəmin özü idi — sanki ölüm mələyi buradan keçmiş və ardınca hər şeyi qara külə çevirmişdi.
Yolun hər iki tərəfinə parakəndə səpələnmiş, gövdəsi yanıb qaralmış, şüşələri qırılmış, təkərləri ərimiş onlarla avtomobil... əsil avtomobil məzarlığını xatırladırdı. Bəziləri partlayışın gücündən üst-üstə aşmış, digərləri yolun kənarında yanı üstə çökmüşdü. Bəzi yerlərdən hələ də nazik tüstü qalxır, qaranlıqda titrəyən ölümün izlərini bizə göstərirdi.
Bir neçə gün əvvəl Həsənrizdən baxaraq, uzaqdan müşahidə etdiyimiz və heç bir kömək edə bilmədiyimiz o dəhşətli qırğın, indi sarsıdıcı çılpaqlığı ilə qarşımda dayanmışdı.
Mənimlə birlikdə kolonda olan digər bölmələrin döyüşçüləri də bu mənzərə qarşısında lal-dinməz dayanmış, dərin həyəcan içində səhnəni izləyirdilər. Heç birimiz danışmırdıq — danışmağa söz də yox idi. Hər kəsin ağlından eyni fikir keçirdi: bu yanmış kolonun yerində biz də ola bilərdik. O zaman indi nə sağ qalardıq, nə də ölümüz tapılardı...
Lakin təhlükə hələ də tam gücü ilə var idi. Sərsəng su anbarının qarşı sahilində mövqe tutmuş düşmənin bütün atəş vasitələri bu yolu rahatlıqla nəzarətdə saxlayırdı. Üstəlik, yolumuzun üzərində düşmənin çox sayda canlı qüvvəsinin olduğu da bizə məlum idi. Hətta Sərsəngin bəndinin artıq düşmənin əlinə keçdiyi xəbər verilmişdi.
Əgər bu doğru idisə, bizi də eyni aqibət gözləyirdi. Lakin... burdan sağ çıxmaq ümidi hələ içimizdə yaşayırdı. Bizi ayaqda saxlayan da elə bu ümiddən başqa bir şey deyildi.
Mən PDM-ə qalxaraq əmr etdim:
— Həsən, yolun tam soluna çıx. PDM-in burnu ilə texnikaları sağa itələ, keçmək üçün yol aç.
Həsən deyiləni başa düşdüyünü desə də, yerindən tərpənmirdi. O, hələ də gördüyü mənzərənin təsirindən çıxa bilməmişdi — gözləri yanmış kolonun içində ilişib qalmışdı.
— Cəld ol, irəli! — deyə bu dəfə səsimi bir az qaldırdım.
PDM-in mühərriki guruldadı, və nəhayət, zirehli canavar irəli yeriməyə başladı. Qarşısına çıxan yanmış avtomobilləri PDM-in dəmir burnu ilə bir-bir yolun kənarına itələyir, bəzilərini isə su anbarına doğru itələyib suya atmağa məcbur qalırdıq.
Yanmış kolonun içərilərinə girdikcə mənzərə daha da dəhşətli olurdu. Bura artıq bir keçid deyil, sanki əzrayılın əl işindən ibarət səssiz bir ölülər sərgisi idi.
Bir neçə saat ərzində yolu açaraq kolona hərəkət imkanı yaratdıq. Zaman anlayışını itirmişdik. Ən dar və sərt döngələri keçərək nəhayət Sərsəng su anbarının bəndinə çatırdıq. Irəlidə hər şey sakit görünürdü. Lakin bəndin qarşı tərəfində zəif səslər eşidilir, qaranlıqda ara-sıra işıqlar görünürdü.
Müşahidə cihazı ilə baxdım. Orada çoxlu sayda əsgərlər var idi... amma kim olduqları, dostmu, düşmənmi — bəlli deyildi.
Bölmələrdən bir neçə nəfər qarşı tərəfdə kimin olduğunu dəqiqləşdirmək üçün silahlanaraq piyada şəkildə bəndin o biri başına doğru hərəkət etdi. Mən isə qüllədə, gecəgörmə cihazı ilə onları diqqətlə izləyir, hər an atəşlə dəstək verməyə hazır dayanmışdım. Hər addımlarını ürəyimdə sayır, onların sağ-salamat qayıdacağına ümid edirdim.
Əsgərlər ehtiyatla bəndin qarşı tərəfinə yaxınlaşaraq danışmağa başladılar. Qaranlıqdan bir nəfər onlara tərəf gəldi, az sonra birlikdə bizə tərəf hərəkət etdilər. Gərgin gözləmə içində tərpənmədən dayanmışdım.
Nəhayət gəlib çatdılar. Onların verdiyi xəbər hamımızı sarsıtdı, amma təəccübləndirmədi: qarşı tərəfdə bizimkilər bizi gözləyirmişlər, lakin Sərsəng su anbarının bəndi artıq Rusiyanın desant bölmələrinin əlinə keçmişdi. Mühasirədə qalanlara səhərə qədər çıxmaq üçün “razılıq” vermişdilər.
Kolon yavaş-yavaş bəndin üzəri ilə Ağdərəyə doğru hərəkətə başladı. Sərsəng su anbarı isə sanki arxasını bizə çevirmişdi. Elə bil bizdən incimişdi, biz isə onun üzünə baxmağa utanırdıq. Bəlkə də bir daha bu yerləri görməyəcəkdik. Amma həmin an hamının içində bir savaş vardı — qəzəblə ümidsizliyin savaşı...
Bir döyüşün sonu, bir ömrün yükü
Ağdərəyə, ilk gəldiyimiz gün yerləşdiyimiz binaya çatdıqda artıq səhər açılmışdı. Burada da məğlubiyyətin ruhu hər yerdə at çapırdı. Hamı ümidsizcəsinə nə olacağını gözləyirdi. Hərbi hissələrin yenidən qruplaşdırılaraq düşmənə verilmiş mövqelərin geri alınması üçün edilmiş bütün cəhdlər nəticəsiz olmuşdu. Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən uzalaşdırılmişdi. Onun yerinə təyin edilmiş general Dadaş Rzayev kursantların dərhal geri qaytarılmasına göstəriş vermişdi.
Leytenant Şərifzadə bir neçə nəfəri götürərək dərhal qərargah istiqamətində getdi. Az keçməmiş əllərində çoxlu konserv bankası və çörəklə geri döndülər. Neçə gündür aclıqla boğuşan kursantlar bu ərzağı bir göz qırpımında yeyib bitirdilər. Sonra isə hamı susaraq baxışlarını Leytenant Şərifzadəyə zillədi. Artıq heç kimin dözəcək taqəti qalmamışdı. Hər kəs bu cəhənnəmdən – soyuqdan, aclıqdan, ümidsizlikdən – uzaqlaşmaq istəyirdi.
Qərargahda leytenant Şərifzadəyə dərhal avtomobilləri yanacaqla dolduraraq geriyə, Bakıya yola düşməyi tapşırmışdılar.
Leytenant Şərifzadə uca səslə əmr etdi:
— Sürücülər yerlərini alsın. Tərtərdə yanacaq dolduracağıq. Hamı nəyi var götürsün minsin maşinlara!
Hamı dərhal avtomobillərə minərək hazır vəziyyətdə kuzovlarda yerlərini aldılar. Nə olur olsun tezliklə onlara cəhənnəmi yaşadan bu yerləri tərk etmək istəyirdilər.
Mən leytenant Şərifzadəyə yaxınlaşaraq ehtiyatla dedim:
— Cənab leytenant, icazə verin, mən və mexanik-sürücüm hələlik burada qalaq. Bölük komandiri ilə qalan heyətlə yeganə rabitə bizdədir. Əgər onlar əlaqəyə çıxsalar, yalnız bizim vasitəmizlə əlaqə qura bilərlər. Əgər biz də getsək, rabitə tamamilə kəsiləcək. Onlar təhlükəsiz yerə çıxandan sonra biz də məktəbə qayıdarıq.
O, dediklərimi başı ilə təsdiqləyərək razılaşdı:
— Olar. Özünüzü qoruyun. Onlar çıxdıqdan sonra birlikdə qayıdarsınız.
— Oldu, — deyib onunla və digər yoldaşlarımızla vidalaşdıq.
Onların avtomobillərlə Agdərəni tərk edərək Bakıya doğru yola düşməsini bir xeyli izlədim. Canlarını bu cəhənnəmdən qurtarmışdılar. Biz isə hələ də buradaydıq və sabahın bizə nə gətirəcəyini, başımıza daha nələrin gələcəyini bilmirdik.
Sonra PDM-lə texnikaların toplaşdırıldığı parka doğru yollandıq.
Həsənrizə gedərkən fikrimdə qalan bir narahatlıq vardı — Ağdərədə qalmış iki heyət haqqında düşünürdüm. Cəlalov Zaur və Asfaram Mehman PDM-2 ilə, Fudayev Fərrux və Babayev İldırım isə PDM-1 ilə orada qalmışdılar. Onlardan xəbərim yox idi və onların hələ də Ağdərədə olduqlarını sanırdım. Lakin sonradan bildim ki, onlar artıq orada deyildilər. Sən demə, hər iki heyət iki sutka ərzində öz PDM-lərini tam döyüş hazırlığına gətirə bilmişdi.
İlk tapşırığı isə 18 fevralda almışdılar. Cəlalov Zaur və Asfaram Mehman PDM-2 ilə Sərsəng su anbarının bəndi yaxınlığında mövqe tutmuş, Fudayev Fərrux və Babayev İldırım isə PDM-1 ilə Həsənriz (o zamankı Aterk) istiqamətinə göndərilmişdilər. Lakin Həsənrizə gedən yolun artıq düşmən nəzarətində olması səbəbindən Fərrux və İldırımı Heyvalı (o vaxtkı Drnbon) istiqamətindəki bölmələrin tərkibinə vermişdilər.
22 fevralda Cəlalov Zaur və Asfaram Mehman Briqada komandirinin əmrinə əsasən texnikalarını təhvil verərək geriyə, Bakıya göndərilmişdilər.
Babayev İldrım və Fudayev Fərrux isə hələdə Mehmanə kəndi istiqamətində döyüşən bölmələrin tərkibində döyüşürdülər.
Yalnız Ali Hərbi Məktəb rəhbərliyinin Müdafiə Nazirliyinə ünvanladığı saysız-hesabsız müraciətlərdən sonra, nəhayət, onların mart ayının sonunda məktəbə geri qaytarılması mümkün oldu.
Gecəni PDM-in içində keçirdik. Rabitə cihazını açıq saxlamışdıq və mütəmadi olaraq bölük komandiriniçağırırdım. Amma çağırışlarımıza baxmayaraq, hələ də cavab verən yox idi.
Səhəri gün, 25 fevralda məni qərargaha çağırdılar. Dedilər ki, o vaxtkı Baş Qərargah rəisi, general Nurəddin Sadıqov Ali Hərbi Məktəbdən burada qalanları yanına çağırıb.
Qərargaha daxil olanda məni silahlı, boylu-buxunlu bir hərbçi qarşıladı. Sakitcə, ikinci mərtəbəyə qalxıb məni bir otağa apardı. Qapını döyüb məruzə etdi, sonra içəri keçməyimi işarə elədi.
İçəri girən kimi addımlayıb, əsgəri salam verərək raport verdim. Otaqda, iri bir masa ətrafında bir neçə hərbçi – hamısı səhra geyimində – masanın üzərində açılmış böyük bir xəritəyə baxırdılar. Onların içində yalnız Həsənrizdən tanıdığım polkovnik Nəcməddin Sadıqov idi. Masanın baş tərəfində, ayaq üstə dayanmış, təxminən altmış yaşlarında, seyrək çallaşmış saçlı olan bir general dayanmışdı.
Başını xəritənin üzərindən qaldıraraq yorğun, amma iti baxışları ilə mənə baxaraq soruşdu:
— Bala, kursantların rəhbəri sənsən?
— Xeyr, cənab general. Kursantlardan qalanlar dünən leytenant Şərifzadənin rəhbərliyi ilə Bakıya yola düşdülər. Mən PDM-2 heyətindənəm. Burada yalnız mən və mexanik-sürücüm qalmışıq.
— Mənə məlumat veriblər ki, sizin bir heyət Aterkdən çıxa bilməyib. Onlardan xəbəriniz varmı?
— Bəli, cənab general. Həmin heyət bölük komandiri kapitan Rəhimovun və nizamnamə kafedrasından polkovnik-leytenant Kərimovun rəhbərliyi ilə – dördü zabit, 13 kursant olmaqla – 17 nəfərlə birlikdə dağlara tərəf geri çəkiliblər. Sonuncu dəfə rabitə əlaqəsinə çıxdıqda hərəkətdə olduqlarını bildirmişdilər. O vaxtdan xəbərimiz yoxdur, amma hələ də rabitədə həmin tezlikdə gözləyirik. Onların rabitə bağlantısı yalnız bizim PDM vasitəmizlə mümkündür.
General başını tərpədib dedi:
— Müdafiə naziri sizin hamınızın geri çağırılması barədə göstəriş verib. Sən həmin heyətin rabitə tezliklərini bizim rabitəçilərə ötür, texnikanızı təhvil verin və dərhal Ali Hərbi Məktəbə qayıdın. Bizim üçün əsas odur ki, siz bu döyüşlərdən keçib təcrübə qazanmısınız. İndi oxuyub orduya savadlı zabitlər kimi qayıtmalısınız. Təəssüf ki, çoxlu itkilərimiz oldu. Heç kim belə bir aqibət istəməzdi. Amma xalqımızın taleyi belə gətirib. Nə olursa olsun, hər şey yaxşı olacaq!
Sonra qapının yanında dayanmış hərbçiyə tərəf döndü:
— Rabitə tezliklərini alsınlar, texnikanı təhvil verib Bakıya qayıtsınlar.
— Oldu, cənab general.
O, yenidən mənə baxdı və səmimiyyətlə dedi:
— Sən də get, oğul. Oxuyun. Bu milləti bu çətinliklərdən siz xilas etməlisiniz.
— Oldu, cənab general. İcazə verin gedim.
— Get.
Bu sözləri dedikdən sonra o, yenidən əyilib xəritəyə baxmağa başladı.
Qərargahdan təyin edilmiş zabitlə parka gəldik. Mən PDM-in qülləsinə qalxaraq, sonuncu dəfə, bəlkə cavab verərlər deyə, bölük komandirini rabitə ilə çağırdım. Ancaq rabitədə xışıltıdan başqa heç nə yox idi. Qərargahdan mənimlə gələn rabitəçilər bölük komandirinin rabitə tezliklərini qeyd edərək getdilər. Həsən isə PDM-i, Həsənrizə gedərkən bizə təhvil verən hərçiyə təhvil-təslim edirdi.
Bu keçən müddətdə dəmir atımız bizi və yoldaşlarımızı dəfələrlə həm düşməndən, həm şaxtadan, həm də aclıqdan xilas etmişdi. Cansız, soyuq dəmirdən, zirehdən ibarət olsa da, o artıq bizə doğma gəlirdi — bir növ silahdaşımız olmuşdu. Və indi onu burada, müharibənin taleyinin necə olacağını heç kimin bilmədiyi bir yerdə qoyub getmək bizə çox ağır gəlirdi.
Onsuz da 18 yaşında bir gənc üçün, qısa bir zaman kəsiyində gözünün qarşısında yoldaşlarının şəhid olması, üz-gözünün yaralı döyüş yoldaşlarının qanı ilə boyanması, aclıq, şaxta, şərəfsiz düşmənlə döyüşmək və ən nəhayət, Vətən torpaqlarını düşmən tapdağına buraxaraq geri çəkilmək — həddindən artıq ağır bir yük idi.
Ağdərədən müxtəlif hərbi və mülki yol maşınları ilə Bərdənin Köçərili dəmiryol stansiyasına gəldik. Oradan axşam qatara minib Bakıya yola düşdük.
Səhəri gün, 26 fevralda, Bakıya — dəmiryol vağzalına çatan kimi Abdullayev Bakirin Yasamalda, Alatava məhəlləsində yaşayan bacısıgilə avtomat telefondan zəng etdim. Telefona Bakirin böyük qardaşı Fikrət cavab verdi və Bakirin orada olduğunu bildirdi. Onu çağırmasını xahiş edim.
Bakirlə danışanda məlum oldu ki, hamını çatan kimi məzuniyyətə buraxıblar və bu gün hamı Saray qəsəbəsində Əmiraslanov İlqarın dəfnində iştirak edəcək. Bakirlə görüşüb birgə dəfn mərasiminə getdik. Oradan sonra artıq Ali Hərbi Məktəbə dönmək istəmədim — çünki hamı məzuniyyətə getdiyindən orada heç kimi tapa bilməyəcəkdim. Yenidən dəmiryol vağzalına qayıdıb bilet aldım və Ağdama yola düşdüm.
Qatar 27 fevral səhər saat 4-5 radələrində Ağdam dəmiryol vağzalına çatdı. Oradan yol maşınları ilə Hindarx kəndinə — evimizə yollandım.
Evimizə çatanda hələ də qaranlıq idi. Ən çox diqqətimi çəkən isə darvazamızın qarşısında dayanmış çoxlu avtomobillər idi. Darvaza bağlı olduğuna görə yerdən bir daş götürüb döyməyə başladım. İçəridən evinmizin qapısının açıldığını, kiminsə həyətə çıxdığını eşidirdim.
— Kimdi? — Atamın səsi idi.
— Mənəm! — ucadan cavab verdim.
Həyətdə yenidən sakitlik çökdü. Eşitmədiklərini düşünərək darvazanı bir daha döydüm. Bu an anamın qışqıraraq darvazaya doğru gəldiyini eşitdim. Qapı açıldı və anam məni qucaqlayıb bağrına basdı. Əlləri ilə sinəmi, kürəyimi yoxlayır, sağ və salamat olduğuma, yaralanmadığıma əmin olmaq istəyirdi. Ardınca atam yaxınlaşaraq məni qucaqladı və sakit səslə soruşdu:
— Sən hardaydın? - Onun səsində həm inciklik, həmdə sevinc var idi.
Demə, mən Bakıda olduğum gün — 26 fevralda, Tərtərdən gələn bəzi sürücülər kursantların mühasirəyə düşdüyünü, çoxlu şəhid verdiklərini danışırmışlar. Atam bunu eşidən kimi dərhal Ağdərəyə yola düşmüş, mənimlə 13 fevralda görüşdüyü yerə gələrək orada olanlardan məni soruşmuşdu. Orada olan hərbçilər kursantların pusquya düşdüyünü, çoxunun şəhid və yaralı olduğunu, bir hissəsinin isə mühasirədən çıxa bilməyərək düşmənə əsir düşdüyünü demişdilər. Atam mənim PDM-lə getdiyimi bildirdikdə, ona həmin PDM-in parkda olduğunu, amma heyətinin şəhid olduğunu demişdilər. Yəqin ki, onlar PDM-in əvvəlki heyəti ilə bizi səhv salmışdılar.
Atam həmin PDM-ə baxmaq istədikdə, ona bizim PDM-i göstərmişdilər. O, məndən bir nişanə tapmaq ümidi ilə texnikanı diqqətlə gözdən keçirmişdi. PDM-in içərisi tamamilə qana boyanmışdı.
Desant bölməsinə baxarkən, gedərkən mənə verdiyi və desant bölməsində saxladığım dolma qazanını gördükdə bu texnikanın məhz mənə aid olduğuna əmin olmuşdu. Və elə oradaca, mənim də şəhid olduğuma inanmışdı.
Oradan Ağdərənin girişində yerləşən məktəb binasına — şəhidlərin toplandığı binaya yollanmış və cəsədlərin arasında məni axtarmışdı. Orada tapa bilmədikdə, poçta gedərək Ali Hərbi Məktəbə zəng etmişdi. Məktəbdən də heç bir şey araşdırmadan ona bildirmişdilər ki, şəhidlər var, lakin hələlik kimlikləri müəyyən edilməyib. “Siz evinizə qayıdın, əgər oğlunuz şəhid olubsa, rayon hərbi komissarlığından sizinlə əlaqə saxlayacaqlar” — demişdilər.
O vəziyyətdə evə qayıdan atam, nə qədər gizlətmək istəsə də, dolmuş gözləri onu ələ vermişdi və xəbəri anamdan saxlaya bilməmişdi. Anamın fəryadına elə o saat qonşular, dost-tanış, qohum-əqrəba bizə toplaşmışdı, oğlunu itirmiş ata-ananı yalnız qoymayaraq — mənim gələcək nəşimi qarşılamağa hazırlıq görməyə başlamışdılar...
ARDI VAR
Bizim.Media