Beyləqanda avtobus problemi - “Aylıq gəlirimizi taksilərə veririk” - FOTO

Beyləqanda avtobus problemi - “Aylıq gəlirimizi taksilərə veririk” - FOTO

Hazırda oxunan: Beyləqanda avtobus problemi - “Aylıq gəlirimizi taksilərə veririk” - FOTO

249751

Ölkəmizin bir çox bölgələrində rayondaxili avtobuslarun fəaliyyət göstərməsinə baxmayaraq Beyləqan ərazisində hələ də marşrut xətti yoxdur. 

Rayon sakinləri bununla bağlı Bizim.Media-ya öz narazılıqlarını bildiriblər. Beyləqan sakini Türkan Məmmədovanın sözlərinə görə, hər gün 2-3 km məsafəni ayaqla qət etmək məcburiyyətində qalır.

“Rayonumuzun ərazisi çox böyükdür. Buna baxmayaraq hələ də rayondaxili avtobuslar fəaliyyət göstərmir. Mənim evim rayonun qurtaracağında, iş yerim isə rayonun mərkəzində yerləşir.

Hər səhər 3 yaşlı körpəmlə 2-3 km məsafəni ayaqla getməyə məcbur oluram. Bəzən hava yağışlı, bəzən isə həddindən artıq isti olur. Belə hallarda oğlumu bağçaya aparanda uşaq yolda xəstələnir və günlərlə mən əziyyət çəkirəm”.

Digər rayon sakini Cümşüd Əzimov isə bildirir ki, artıq taksiyə pul verməkdən təngə gəlib: 

“Rayonda hər kəsin maşını yoxdur. Rayonun bu başından digər başına qədər olan məsafə 8-9 km-dən çox olar. Biz hər dəfə bir iş arxasınca gedəndə mütləq şəkildə taksi çağırmaq məcburiyyətində qalırıq. Taksilər də adambaşı  2-3 manatdan aşağı aparmırlar. Bunun qocası var, xəstəsi var, hamı ayaqla hərəkət edə bilmir. Aylıq gəlirimizi demək olar ki, taksilərə veririk.

Axı nə səbəbə 0.50 qəpiklik yolu biz 5-6 manata gedib qayıtmalıyıq? İllərdir bu problem öz həllini tapmır. Dəfələrlə aidiyyəti orqanlara  müraciət etsək də, məsələ ilə maraqlanan olmayıb.

Xahiş edirik bu məslənin həllində bizə köməklik göstərəsiniz”.

Biz də məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucovla əlaqə saxladıq. Onun cavabı isə belə oldu:

"Hazırda ölkənin bütün rayon və şəhərlərinin nəqliyyat şəbəkəsi geniş təhlil olunur və nəticələrə uyğun olaraq marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Beyləqan şəhəri üzrə də ictimai nəqliyyatın keyfiyyətinin artırılması məqsədi ilə tədbirlərin görülməsi nəzərdə tutulub".

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO