Bu gün dünyada beynəlxalq ailə günüdür.
İllər öncə ailə dəyərlərinin təbliği, cəmiyyətin, insanların diqqətini çəkmək məramıyla qeyd olunan bu tarix hazırda daha aktual, daha vacibdir.
Çünki bu gün bizim də cəmiyyətimizdə müqəddəs bilinən, milli-mənəvi dəyərlərin sütunu sayılan ailə institutu ilə bağlı ciddi narahatlıqlar, nigarançılıqlar var. Hörmət, qarşılıqlı dəstək, böyüklərə ehtiram və ailədaxili həmrəylik kimi vacib prinsipləri birləşdirən ailə anlamı indi əvvəlki mahiyyətini saxlaya, nəsillərin ailə estafetini qoruya bilmir.
Boşanmalar, ailədaxili münaqişə və mübahisələr, qadın qətlləri, yeniyetmə intiharları və sadalana biləcək neçə-necə ağrılı hadisələrin kökündə məhz bu institutunun dayaqlarının zəifləməsi dayanır.
Bu dayaqların sarsılmaması, ailə bağlarının qopmaması üçün cəmiyyətdə hər kəs çaba göstərməlidir. Bir bu günün deyil, hər günün ailə günü olması üçün səfərbər olmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bizim.Media-ya açıqlamasında hazırladığı Ailə Konsepsiyasının bu mərama xidmət etdiyini vurğulayıb:
“Artıq bir müddətdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ailə Konsepsiyasının layihəsinin hazırlanmasına start verilib. Konsepsiya formalaşmaqda olan yeni şəraitdə dövlətin ailə siyasətinin inkişafına, ailə institutunun daha da möhkəmləndirilməsinə, ölkədə mövcud olan əlverişli demoqrafik şəraitin qorunub saxlanılmasına yönəlib və özündə qarşıda duran vəzifələri, prinsipləri hədəfləri birləşdirir.
Layihənin hazırlanması istiqamətində müvafiq sahələr üzrə mütəxəssislər, ziyalılar və ictimai xadimlərlə dəfələrlə müzakirələr aparılıb, fikirlər və tövsiyələr dinlənilərək nəzərə alınıb.
Konsepsiya ailələrə yönələn siyasətin daha da səmərəli olmasında önəmli rol oynayacaq.
Ailə institutunun möhkəmləndirilməsi, dayanıqlılığının artırılması, milii-mənəvi dəyərlərin qorunub saxlanılması və ailə dəyərlərinin, ənənələrinin gələcək nəsillərə ötürülməsi, Azərbaycan ailə modelinin yeni mənfi tendensiyalar qarşısında öz nümunəviliyini qorumasının təmin edilməsi qarşımızda duran ən vacib vəzifədir və bütün bu məqamlar sənəd layihəsində öz əksini tapacaq”.
Rəna Cumaqızı, Bizim.Media