Türkiyədə hazırlanan iki nəfərlik elektrikli uçan avtomobilin ilk sınağı uğurla başa çatıb.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə AirCar şirkətinin qurucusu Eray Altunbozar məlumat verib.
O, 85 faiz yerli istehsalla hazırlanan bu nəqliyyat vasitəsinin 2026-cı ilin sonunda İstanbul səmasında uçacağını bildirib.
Altunbozar 2017-ci ildən etibarən süni intellekt texnologiyaları, batareya və kompozit materiallar üzərində işlərə başladığını və son 5 ildə ciddi irəliləyiş əldə etdiklərini vurğulayıb.
Dik qalxma və enmə qabiliyyətinə malik olan elektrikli hava nəqliyyatı vasitəsi üzərində işlərə başlayanda dünyada bu sahədə yalnız 6 şirkətin fəaliyyət göstərdiyini bildirən Altunbozar deyib:
“Bu gün gəldiyimiz nöqtədə ilk 5-də olduğumuzu deyə bilərik. Sınaqlara başladıq və hazırda da işlərimizi davam etdiririk. Çalışırıq ki, sistem daha təhlükəsiz olsun”.
Altunbozar qeyd edib ki, Aircar-ın istifadəçisi İstanbulda sıxlıq yaşanan bölgədə 60 kilometrlik məsafəni yarım saat ərzində qət edəcək.
“Halbuki avtomobillə bu məsafə 4 saata qədər çəkə bilir. Aircar İstanbulda yaşamağı mümkün edən bir texnologiya olacaq. Bu, çox asan görünə bilər, amma əslində elə deyil. İstifadə etdiyimiz texnologiya o qədər qabaqcıl və mürəkkəbdir ki, bəzən dünyanın ən yaxşıları belə yetərli olmur, özümüz inkişaf etdirməyə çalışırıq. Uçan avtomobil dünyanı dəyişdirəcək texnologiyalardan biridir.” – deyə o əlavə edib.
Aircar-ın 350 kiloqram ağırlığında olduğunu və 40 kilovatlıq batareya ilə təchiz edildiyini bildirən Altunbozar bu tip batareyaların adi avtomobillərdə 1500 kiloqramlıq vasitələrdə istifadə olunduğuna diqqət çəkib.
O, daha yüngül və yüksək tutumlu batareyalardan istifadə etdiklərini qeyd edib.
Altunbozar yaxın aylarda ilkin satışa başlayacaqlarını deyib: “Hədəfimiz Aircar-ın əlçatan qiymətə olmasıdır. İki nəfərlik modelimiz bazara 2026-cı ilin sonunda çıxacaq. Bundan əlavə bir nəfərlik və kargo dron modelimiz var. Kargo dronumuzu axtarış-xilasetmə, logistika, yanğınsöndürmə kimi sahələrdə istifadə edəcəyik. Bir nəfərlik modelimiz isə təhsil və əyləncə sahələrində istifadə ediləcək. Bu üç məhsuldan xüsusilə kargo dron və bir nəfərlik modeli bu il, iki nəfərlik modeli isə gələn ilin sonunda təqdim etməyi planlaşdırırıq.”
Bizim.Media