Texniki tərəqqinin inkişafı, sünu intellektin mövcudluğu insanların işini bir tərəfdən yüngülləşdirsə də, digər tərəfdən onları tənhalaşdırır, yalnızlığa çəkir. Bu səbədən bir çoxları dostluğu, ünsiyyəti də evindəki cihazlarda axtarır.
Bu mənada süni intellekti özünə yaxın dost, həmdəm bilənlərin sayı getdikcə artır. İnsanlar əzizinə belə demədiyi mətləbləri onunla bölüşür, özəl mövzulardakı sualların cavabını ondan soruşurlar. Nəticədə özləri də hiss etmədən kimsəyə açmaq istəmədikləri bütün sirləri ona danışırlar.
Maraqlıdır, bəs "süni dost" nə dərəcədə etibarlıdır? Onun nə zamansa sənin gizlinlərini faş etməyəcəyinə zəmanət varmı? Süni intellektlə dostluq təhlükəlidirmi?
Mövzu ilə bağlı Bizim.Media-nın sualını tanınmış texno-bloger Fərid Pərdəşünas belə cavablayıb:
“İnsanlar özəl həyatlarını, hisslərini, düşüncələrini süni intellektlə paylaşırlar. Hazırda süni intellekt şirkətləri – “Microsoft”, “OpenAI”, “Google” bu dataları istifadə etmir. Yəni hansısa reklam, məlumat əldə etmək məqsədilə istifadə etmir. Amma gələcəkdə bu, istisna deyil.
Məsələn, “WhatsApp” yazışmaları da ikitərəfli qorunurdu, amma orda istifadəçilərin davranışlarına uyğun reklamlar “Meta”da, “Google”da, digər platformalarda qarşısına çıxmağa başladı. Yəni süni intellekt artıq sizi tanıyır, haqqınızda məlumat sahibidir. Ona görə də bu məlumatların gələcəkdə kommersiya məqsədi ilə istifadə olunması istisna edilmir. Bu ehtimal həmişə var”.
Pərdəşünas deyir ki, bu məsələ qaçılmaz olduğu üçün gələcək təhlükələrin qarşısının alınması yolları da gündəmdədir:
“Artıq ABŞ-da, Avropada bu məsələlərin etik tərəflərini tənzimləyən qanunlar qüvvəyə minməyə başlayıb. Bu yöndə ciddi tənzimlənmələr olacaq ki, insanların məlumatları satılmasın, yaxud da kommersiya məqsədlər üçün istifadə olunmasın, məxfilik qorunsun”.
Rəna Cumaqızı, Bizim.Media