İctimai nəqliyyatda sıxlıq problemi gündəlik müşahidə olunan problemlərdəndir. Sərnişin çoxluğundan avtobuslarda temperatur yüksəlir, hava dövranı zəifləyir və kondisionerin işləməsi zərurətə çevrilir. Xüsusilə səhər və axşam saatlarında — yəni işə gedən və evə dönən vaxtlarda — sərnişinlərin sayı ciddi şəkildə artır. Avtobuslar bir neçə dəqiqəlik fasilələrlə gəlsə belə, dayanacaqda gözləyənlərin sayı çox olduğundan, nəqliyyat vasitələri dolu şəkildə hərəkət edir.
Bu isə təkcə fiziki narahatlıq yaratmır, həm də bir sıra digər problemlərin yaranmasına səbəb olur.
Həzi Aslanov ilə Sahil metrostansiyaları arasında hərəkət edən 18 nömrəli avtobusda da qeyd etdiyimiz sıxlıq günün pik saatlarında müşahidə olunur. Sərnişinlər salonda istidən rahat dayana bilmirlər. Onlar sürücüdən kondisioneri işə salmağı xahiş etsələr də, sürücü buna məhəl qoymur. Bu isə mütəmadi həmin avtobusdan istifadə edənlərin ciddi narazılığına səbəb olur.
Avtobuslarda kondisionerlərin işə salınması üçün müəyyən tarix müəyyənləşib?
Bizim.Media məsələylə bağlı 18 nömrəli marşrut xəttinin daşıyıcı şirkəti “Xaliq Faiqoğlu” -na sorğu ünvanlayıb. Şirkətin mətbuat katibi Nizam Rzayev saytımıza açıqlamasında bildirib ki, kondisionerlərin işə salınması üçün müəyyən olunmuş temperatur həddi var:
“Hazırkı hava şəraiti kondisionerlərin qoşulmasını tələb etmir. Hava şəraitinə uyğun olaraq kondisionerlərin mərkəzləşdirilmiş şəkildə qoşulması təmin ediləcək”.
Məsələ ilə bağlı AYNA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir:
"Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi nəzərdə tutulub".
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 13.05.2025
18 nömrəli avtobusdan ŞİKAYƏT: “Sərnişinlər istidən dayana bilmir”
Hazırda oxunan: 18 nömrəli avtobusdan ŞİKAYƏT: “Sərnişinlər istidən dayana bilmir”
Hazırda oxunan: 18 nömrəli avtobusdan ŞİKAYƏT: “Sərnişinlər istidən dayana bilmir”
249064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.