Aprelin 27-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə və Laçında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir. Bu gün Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.
DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanda 51 min 908 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 74 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 225 imtahan binası, 3931 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4890 nəzarətçi, 692 buraxılış rejimi əməkdaşı (mühafizə) və 225 bina nümayəndəsi cəlb edilib.
Bizim.Media