Qubanın Kardaş kəndində ağır xəstənin təcili tibbi yardım avtomobilinin yanına kilometrdən artıq məsafədə xərəklə aparılması barədə məlumat vermişdik.
Kənddə asma körpünün aprelin 16-da gələn güclü sel səbəbindən uçması kənddə kritik vəziyyət yaradıb.
Artıq 10-cu gündür ku, Cağacuq çayına gələn güclü sel kənddə nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb. Asma körpünün uçması nəticəsində kəndin bir tərəfi blokadada qalıb. İnsanlar kəndin o tayına keçə bilmirlər. Üstəlik də Çağacuq çayı gur sulu olduğundan nəqliyyat vasitələri kəndin o tayına hazırda keçə bilmirlər.
Kəndə nəqliyyatla giriş də yox dərəcəsindədir. Sakinlər uçan asma körpüdən yalnız piyada keçmək məcburiyyətində qalıblar. O da qalıb havada....
O ki qaldı xərəklə gətirilən xəstənin həkimə vaxtında çatdırılmasına, zəhərlənən məktəbli (bağırsaq infeksiyası) qız xərəklə sakinlərin köməyi ilə təcili yardım avtomobilinə, oradan isə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məktəbli qızın həyatı xilas olunub.
Maraqlıdır, sakinlər məktəblini təcili yardıma çatdırmasaydılar, necə olacaqdı?
Belə hallar təkrarlana bilər və heç kim heç nədən sığortalanmayıb.
Quba FHK-nın sədri, icra başçısınən 1-ci müavini Tariyel İbrahimov Bizim.Media-ya bildirib ki, Kardaş kəndindəki körpünün vəziyyətindən xəbərdardırlar:
“Rayon FHK-sı rayona dəyən zərərlə bağlı araşdırma aparır. Hələ heç bir qərar verilməyib. Hər halda bu məsələyə baxılacaq”, deyə qurum rəsmisi deyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu