Qusarda 15 və 16 aprel tarixlərində müşahidə olunan güclü yağış və qarın fəsadları aradan qaldırılır. Yuxarı Tahircal və Sudur inzibati ərazi dairəsinə daxil olan 7 kənddə elektrik enerjisinin bərpası işləri davam etdirilir. Samurçay, Qənərçay (Ukurçay) çaylarında baş verən daşqının sahil boyu torpaqları yuyub aparmasının qarşısının alınması məqsədilə ərazilərə ağır texnikalar yeridilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon rəhbərliyi Həzrə kəndində Qənərçay (Ukurçay) çayının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub.
Həmçinin əlverişsiz hava şəraiti nəticəsində Yuxarı Tahircal kəndini elektrik enerjisi ilə təmin edən, meşə ərazisindən keçən 10 Kv-luq hava elektrik verilişi xəttinin tam yararsız vəziyyətə düşməsinə görə yol boyu 9 km-lik yeni xəttin çəkilməsinə başlanılıb.
Görülən işlərlə yerində tanış olmaq üçün Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və hüquq mühafizə orqanlarının rəhbərləri Yuxarı Tahircal kəndində olublar.
Kənd sakinləri ilə görüşən Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda Regional Elektrik Şəbəkəsinin rəhbərliyi ilə enerji təchizatının bərpası istiqamətində görülən işləri müzakirə edib , öz tövsiyə və tapşırıqlarını verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.