Bir həftədir ki, Qubanın Kardaş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Xatırladaq ki, aprelin 16-da Cağacuqçaya gələn güclü sel kəndin ortasındakı asma körpünü yararsız hala salıb. Körpüdən keçmək olduqca təhlükəli hal alıb. Asma körpünün bərpası istiqamətində isə rəsmi qurumlar heç bir iş görməyib. Yaranmış vəziyyət kənd sakinlərini çarəsiz durumda qoyub. Asma körpünün uçması kəndi iki yerə bölüb. Kəndin sol tərəfində yaşayan əhali bu taya keçə bilmir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sözügedən kənddə daha çətin anlar yaşanıb.
Vəziyyəti pisləşən xəstə məcburiyyətdən yararsız körpüdən xərəklə 1 kilometr məsafə ilə daşınaraq, kəndin digər tərəfində gözləyən ambulansa doğru aparılır.
Çətin anlar yerli büromuzun əməkdaşı tərəfindən lentə alınıb. Görüntülər təssüf doğurur. Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlıdır.
Mövzunu diqqətdə saxlayacağıq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu