Son günlər sosial şəbəkələrdə bəzi rayonlarda uşaq oğurluğu ilə bağlı səs yazıları yayılıb. Valideynləri qorxuya salan bu tip məlumatlar ictimaiyyətdə də narahatlıq doğurub. Bir neçə gün öncə Gəncədə, dünən isə Zərdabda bənzər səsyazısı və fotolardan insanlar qorxuya düşüb.
Bəs, bu iddiaların əsası varmı?
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır:
“Həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar”, - deyə nazirlikdən bildirilib.
Aygün Hüseyn, Bizim.Media