Şəki-Zaqatala Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Bəhruz Nəbili təhsil nazirinin müavfiq əmri ilə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Bu gün isə onun yerinə Hafiz Pənahov təyin edilib.
H. Pənahov 2004-cü ildə Gəncə Dövlət Universitetində Coğrafiya ixtisası üzrə bakalavr, 2024-cü ildə isə ADA Universitetində "Menecment" (Təhsilin təşkili və idarə olunması) ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Qeyd edək ki, yeni müdir müavini 2005–2015-ci illərdə Şəmkir rayon Zəyəm Cırdaxan kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərib. 2010-cu ildən etibarən təhsil sahəsində bir sıra layihələrdə təlimçi, mentor və koordinator kimi iştirak edib. 2013-2014-cü tədris ili üzrə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.
2015–2016-cı illərdə Şəmkir Rayon Təhsil Şöbəsində coğrafiya metodisti, 2016–2017-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb. 2017–2022-ci illərdə Şəmkir Rayon Təhsil Şöbəsinin müdir müavini, 2022–2024-cü illərdə isə Şəmkir rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi vəzifələrində fəaliyyət göstərib.
2025-ci ilin 21 aprel tarixinədək Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.
Evlidir, 2 övladı var.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu