Uşaqlar yatdı?
- Ümid yatdı, Sürəyya isə yatmayıb hələ, nəsə yatmaq istəmir. Bu gün özünü qəribə aparır, heç baş açmıram ondan...
- Niyə, nə olub ki?
- Səhərdən mənə qəribə suallar verir. Deyir, ana, məni sən daha çox istəyirsən, yoxsa atam? Atam Ümidi çox istəyir, yoxsa məni? Deyirəm, ay bala hər ikimiz hər ikinizi çox istəyirik. Getdi, bir az oynayandan sonra yenə gəldi.
“Ana atam deyirdi ki, bizim bundan da böyük və daha mənzərəli yerdə evimiz olacaq, düzdü? Bəs orda mənim ayrı otağım olacaq? Ana, bəlkə bu gün səninlə yatım? Qaqaş da gəlsin yanımıza...
- Ülfət, bu uşağa nə olub? Bu günə kimi belə suallar vermirdi.
- Əşşi, sən də hər şeyi böyüdürsən. Nə olacaq ki? Uşaqdı da, böyüyür, ağlına gələni soruşur. Nəyisə, tez yatsın, səhər dərsdədir...
- Ülfət bu sobanı da yandırasan bəlkə, ev bu gün çox soyuqdu, uşaqların da əli-ayağı buza dönüb... Bir az ev qızsın söndürərik. Qoy Ümidi də gətirim bura, hamımız bir yerdə qızınaq...
- Yandırdım Əfsanə, bir çay da versən yaxşı olar...
- Ata, ata, mənim “kukla”ma ev düzəldərsən?
- Həə, qızım düzəldərəm, amma indi gecdi, yatmaq vaxtıdır. Qardaşın yatıb, sən nəyi gözləyirsən? Səhər oyana bilməyəcəksən...
Sürəyyanın qorxu dolu baxışları atasına dikildi. 1 dəqiqə gözlərini eyni nöqtədən çəkmədi. Dərin düşüncəyə qərq olan qızcığaz donub qalmış baxışlarını valideynlərinə tuşlayaraq, diqqətlə onları süzürdü. Bu baxış son görüşün, bir-birlərindən qopmayan nəfəslərinin işartısı idi.
Əfsanə də nədənsə səhərdən çox narahat idi....
Ürəyi çabalayır, nəfəsi kəsilir, ayağı yerdən üzülürdü sanki... Birdən onu soyuq tər basdı. Stolun üstündən salfet götürüb, üzündəki və boynundakı tər damcılarını sildi.
- Anlamadım... Mənə nə oldu? Ev çox qızdı ki? Tərlədim deyəsən...
- Sürəyya gəl görüm, daha gecdi, yataq balam... Ata da uzandı, bax televizora baxa-baxa yatacaq. Gəl biz də yataq, səhər Ümidlə, səni dərsə aparmalıyam. Sonra oyana bilməyəcəyik...
- Eee ana, “kukla”m yatmayıb, ona soyuqdu, qoy onu geyindirim üşüməsin. Ya da qoy, ona “peç”in yanında yer düzəldim, orda tez qızınar...
- Qızım, tərslik eləmə gəl, gözüm yumulur. Ülfət bu qızı çağır, bəlkə səni eşidər... Ay Ülfət!!!
- Bax, ata da yatdı, gəlirsən qızım?
Cavab gəlmir...
Araya xeyli sükut çökür...
Qəfil səssizlikdən hürkən Sürəyya gözlərini ovxalaya-ovxalaya gəlinciyini geyindirməyə çalışır. İndi üşüməyəcəksən!
- Ana, ay ana bayaq atam da, sən də dediz ki, səhər oyana bilməyəcəyik. Niyə dura bilmirik ki?
- Ana! Səninləyəm, eşitmirsən? Yatdın?
- Ata, ay ata! Sən də yatdın?
- Bəs, mən?
Ayağa durmaq istədi, müavinəti itmiş gücsüz qıçları sözünə baxmayıb, qızcığazı yerə atdı. Gəlinciyini qucağına alıb tez bağrına basdı. Gözləri yumulur, nəfəsi daralırdı...
Birdən xəyalında anasının "qucağı", atasının "səsi", qardaşının isə "gülüşü"canlandı. Rəngarəng divarları, rəsmlərlə dolu otaqları, sevimli oyuncaqlarının yerləşdiyi guşələri olan evdən Sürəyya sən də gəl, gəl... - deyə səslər eşidirdi...
Çətinliklə güc toplayıb qardaşını, Ümidi səslədi...
- Ümid! Ümid!
Alçina Amilqızı, Bizim.Media