Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - II HİSSƏ

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - II HİSSƏ

Hazırda oxunan: Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - II HİSSƏ

245281

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Generalın “Son nəfəsə qədər: Bir döyüşün hekayəsi” sərlövhəli oçerkinin ikinci hissəsini təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi


Ağdərəyə gedən yol: Ölüm və həyat arasında

Biləcəri dəmiryol vağzalında Ural, Zil-131 və Kamazdan ibarət altı avtomobil yük vaqonlarına yükləndi, biz isə plaskart vaqonlara mindik. Bütün gecəni yol gedərək səhəri gün – 1993-cü il fevralın 13-ü – Bərdə rayonunun dəmir yolu stansiyasında çatdıq. Yük vaqonlarından avtomobilləri endirərək mindik və Tərtər rayonundan keçərək Ağdərəyə doğru irəlilədik.

Qışın sərt nəfəsi Tərtərdən Ağdərəyə uzanan yolu buz kimi soyuq, ölüm kimi amansız etmişdi. Ətrafdakı çılpaq təpələr qarla örtülmüşdü, lakin qarın ağlığı bu torpaqlarda axan qanı gizlədə bilmirdi. Yol boyunca dağıdılmış maşınların yanmış qalıqları, yerlə-yeksan olmuş evlər, səpələnmiş mərmi qırıntıları hər addımda müharibənin dəhşətli izlərini göstərirdi.

Bir zamanlar insanları, ailələri, kəndləri bir-birinə bağlayan bu yol indi yalnız döyüşçüləri cəbhəyə aparan, ölümü və həyatı birləşdirən dar bir keçidə çevrilmişdi.

Günortaya yaxın Ağdərəyə çatdıq.

Ağdərə strateji mövqeyi və təbii resursları ilə Qarabağın ən vacib bölgələrindən biri idi. Keçmişdə sənaye və kənd təsərrüfatı ilə tanınan bu ərazi, yüksəkliklərdə yerləşən coğrafi mövqeyinə görə həm də hərbi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Burada yerləşən yüksəkliklər təkcə Tərtəri deyil, ətraf rayonları da nəzarətdə saxlamağa imkan verirdi. Bu səbəbdən Ağdərə həm Azərbaycan, həm də düşmən qüvvələri üçün həlledici bir nöqtə idi.

Fevral ayının sərt soyuğu Ağdərəni dəmir pəncəsinə almışdı. Qarla örtülmüş küçələrdə həyat əlaməti yox idi – şəhər ölüm sükutuna bürünmüşdü. Bu sükutu zaman-zaman ağır hərbi texnikaların hərəkəti pozurdu.

Mülki əhali üçün vəziyyət daha da ağır idi. Şəhərin əksər sakinləri artıq Ağdərəni tərk etmiş, qalanlar isə zirzəmilərdə gizlənərək talelərinin nə olacağını gözləyirdilər. Bəzi küçələrdə artıq ermənilərin işğal etdiyi kəndlərdən gələn, ac və yorğun halda hara gedəcəklərini bilməyən, soyuq divarlara söykənmiş qaçqınlar gözə dəyirdi. Onların gözlərində ümid solmuş, yerini dərin qorxu hissi almışdı.

Bizim avtomobil kolonu dağılmış bir binanın qarşısında dayandı. Silah və əşyalarımızı götürüb maşınlardan endik və binada yerləşdik. İçəridə bir neçə yorğun, qolları, ayaqları sarıqlı, üst-başı qan içində olan əsgər var idi. Onlar 703-cü hərbi hissənin tərkibində olan “Qurtuluş” batalyonun döyüşçüləri idilər və dediklərinə görə cəbhə xəttindən yenicə gəlmişdilər.

Onlardan ən yaşlısı, cırıq, köhnə hərbi forma geymiş, başına didilmiş papaq basmış əsgərdən vəziyyəti soruşdum.


- Vəziyyət ağırdır, qardaş. Kim harada, necə bacarırsa, elə döyüşür. Ruslar da ermənilərə dəstək verir. Dünən Qozlukörpü kəndində həm ermənilər, həm də ruslar bizə hücum etdilər, məcbur olub geri çəkildik. Çoxlu itki verdik. Bizi də yaralandığımız üçün bura göndərdilər. Amma baxan yoxdu. Özümüz yaralarımızı sarıyıb gözləyirik, görək nə olacaq.

- Qozlukörpü haradadır? – maraqla soruşdum.

- Buradan təxminən 30 kilometr uzaqda.

Bizim gələn bütün heyətə rəhbər təyin edilmiş Nizamnamə kafedirasının müəllimi polkovnik  Kərimov Zakir və bölük komandirimiz kapitan Aydın Rəhimov qərargaha yollanmışdı. Briqada komandirindən tapşırığımızı dəqiqləşdirməli idi. Əsgərlərin dediyinə görə, 703-cü briqadanın komandiri polkovnik Nəcməddin Sadıkov idi. Hardansa Rusiyadan gəlmişdi, Azərbaycan dilində danışa bilmirdi,  rus dilində isə – yalnız söyüşlə danışırdı.

Zabitlər qayıtdı və tağım komandirlərini yanlarına çağırdılar. Bir neçə dəqiqə sonra onlar geri döndülər və bu gecə Qozlukörpüyə gedəcəyimizi bildirdilər.

Bir anlıq hamımız bir-birimizə baxdıq. Axı bayaqkı əsgərlər bir gün əvvəl Qozlukörpünün düşmənə verildiyini söyləmişdilər. Yəni komandanlıq bu məlumatdan xəbərsiz idi? Yoxsa biz düşmənin içərisinə göndərilirdik?

***

Unudulmuş PDM-2: Ölüm Maşınının Dirçəlişi

Uşaqlıq illərimdən texnika və qurğuların iş prinsipi məni özünə çəkirdi. Orta məktəbdə oxuyarkən düzəltdiyim təyyarə, avtomobil və digər maşınların maketləri hələ də Ağcabədi rayonunun, Hindarx qəsəbəsinin, milli qəhrəman Etibar ismayılov adına 1 nömrəli tam orta məktəbində nümayiş etdilir. Ali Hərbi Məktəbdə də digər fənləri maraqla öyrənsəm də, texnikaya olan marağım heç vaxt sönmədi. Bəlkə də elə buna görə Ağdərədə bizə təhkim edilən piyadanın döyüş maşınına (PDM-2) komandirlik və tuşlayıcı-operatorluq məhz mənə tapşırıldı.

PDM-2 (БМП-2) — Sovet istehsalı olan ikinci nəsil piyadanın döyüş maşınıdır. 1980-ci illərdə PDM-1 modelinin təkmilləşdirilmiş versiyası kimi yaradılmışdır. Üç nəfərlik ekipaj (komandir, nişançı, sürücü) və yeddi desant əsgəri daşımaq qabiliyyətinə malikdir. Silahlanmasında 30 mm-lik 2A42 avtomatik top, PKT 7.62 mm pulemyotu və tank əleyhinə raket sistemi olur. 300 at gücündə dizel mühərriki ilə yolda 65 km/saat, suda isə 7 km/saat sürətlə hərəkət edə bilir.

Yüksək manevr qabiliyyəti və güclü atəşi ilə piyadaları dəstəkləmək üçün əvəzolunmaz texnikalardan biri sayılır.

PDM-2-ni təhvil almaq üçün Ağdərənin mərkəzində, müvəqqəti yaradılmış avtomobil parkına gəldik. Parkda 1 ədəd PDM-1, 2 ədəd PDM-2 var idi. Bizə veriləcək PDM-in əvvəlki ekipajı şəhid olmuşdu. Onu idarə edəcək və silahlanmasını bilən biri qalmadığından, texnika parkın küncündə sanki unudulmuşdu. Mənim mexanik-sürücüm, uzunboylu əsgər Aydınov Həsən adlı əsgər, dərhal mühərriki işə saldı. PDM çoxdan hiddətini boğan bir aslan kimi nərə çəkərək guruldadı. Arxadan sıx tüstü buraxaraq dirçəlmiş kimi göründü.

Mən sürətlə qülləyə qalxıb mərmi və patronları doldurmağa başladım. Ən çətin iş 30 mm-lik mərmiləri qüllənin içərisindəki rels vasitəsilə yerləşdirmək idi. Təkbaşına bunu etmək əsl cəhənnəm əzabı idi. Barmaqlarım bir-bir soyulurdu, amma döyüş maşınımızın tam hazır olmasını istəyirdim. Həsən də texniki yoxlamaları başa vurub mənə məruzə etdi:

— Komandir, PDM döyüşə tam hazırdır!

Parkdan çıxıb maşını yoxlamaq qərarına gəldik. Texnikanı idarə edərək sürətlə parkın çıxışına yönəldim. Birdən gözüm yol kənarında dayanmış yanacaq daşıyan avtomobilə sataşdı. Tanış gəldi. Dəqiq baxdım... Atamın idi! Amma ətrafda heç kim görünmürdü. Dərhal Həsənə "dur" işarəsi verdim. PDM anidən yerində mıxlanmış kimi dayandı. Qüllədən yerə tullandım, ətrafı nəzərdən keçirdim. Birdən yaxınlıqdakı binalardan birinin qapısı açıldı və atam çıxdı. Məni görən kimi addımlarını yeyinlətdi. Üzündə təəccüb yox idi, demək ki, burada olduğumu bilirdi.

Uzaqdan səsləndi:

— Bayaqdan səni axtarıram! Niyə mənə deməmisən bura gəldiyini?

Qucaqlaşıb görüşdük. Onun uzun illərdir yanacaq daşıyan avtomobilin sükanını firlayan əlləri mənim çiyinlərimdə idi. Səsi hər zamankı kimi möhkəm və inamlı idi.

— Səhər Ehtiram səni Bərdədə, dəmiryol vağzalında görüb. Yaxınlaşmaq istəyib, amma siz maşınlara minib getmisiniz. Oradan soruşub deyiblər ki, Ağdərəyə gəlmisiniz. Mən də dərhal gəldim görüm necəsən.

Ehtiram həm qonşumuz, həm də uşaqlıq dostum idi. O, həmişə hər şey haqqında məlumatlı olardı. İndidə məhz onun məni görüb atama xəbər verməsinə təəccüblənmədim.

— Anama deməmisən ki?

— Yox, dedim guya məktəbə, yanına gəlirəm. Işə getmədim, maşını elə birbaşa sürdüm bura. Bir az yemək də qoyub sənə. Mən də yoldan meyvə almışam.

— Çox sağ ol. Narahat olma, yaxşıyam.

— Narahat deyiləm. Əksinə, fəxr edirəm! Bilirəm ki, ermənilər bizə qarşı nəsə edirlərsə, mənim oğlum da onlara cavab verir. Amma məni xəbərsiz qoyma!

— Oldu. Narahat olma, anam da bir şey hiss etməsin. Qayıdanda özüm ona izah edərəm.

Atam PDM-ə baxdı, sonra üzümə çevrildi. Gözlərində qəribə bir ifadə vardı.

— Bununla gedəcəksən döyüşə? Bacarırsan?

Gülümsədim.

— Əlbəttə. Hərbi məktəbdə bizi yaxşı öyrədiblər!

Atam başını tərpədib gülümsədi. Sonra əlini çiynimə vurub getdi. Mən onun mənə gətirdiklərini götürüb PDM-ə qayıtdım.

Anam mənim dovğanı sevdiyimi bilirdi. Ona görə də həmişə mənim üçün bişirərdi. İndi də 3 litrlik şüşə balonda dovğa və alüminium qazanda yarpaq dolması bişirib göndərmişdi. Yeməkləri PDM-in arxa hissəsinə, desant üçün ayrılmış yerə yerləşdirdim.

Daha sonra şəxsi heyətimizin yerləşdiyi binaya gedib PDM-i təhvil aldığımız və döyüşə tam hazırladığımız barədə bölük komandiri kapitan Aydın Rəhimova məruzə etdim.

Əlavə olaraq parkda daha 2 ədəd PDM-in olduğu barədədə bildirdim. Bölük komandiri kursantlardan Cəlalov Zauru, Asfaram Mehmanı, Fudayev Fərruxu, Babyev İldırımı çağıraraq Ali Hərbi məktəbin təminat-təhcizat taborundan bizimlə gəlmiş  heyətindən iki nəfər mexanik-sürücü ilə parka gedərək PDM-ləri yoxlayıb məruzə etmələrini tapşırdı. Onlar cəld parka yollandılar.

Digər kursant yoldaşlarımız isə çıxışa hazırlıq görürdülər. bölük komandirinin dediyinə görə düşmən gedəcəyimiz marşrutu müşahidə və atəş altında saxlayırdı. Ona görə də gecə yola düşəcəkdik. Qaranlıq gecənin zirehli pərdə kimi bizi təyinat nöqtəmizə çatana qədər qoruyacağına ümid edirdik...

***

Gecənin Qaranlığında Həsənrizə Doğru

13 fevral 1993-cü il, gecə saat 22:00-da altı avtomobil və bir PDM-2-dən ibarət kolonumuz Ağdərədən yola düşdü. Parkada olan PDM-1 və PDM-2 nasaz olduğuna görə ayrılmış heyət orada saxlanmışdı. Texnikaları hazırlayıb sonradan bizim olduğumuz yerə gəlməli idilər. Marşrutumuz Sərsəng su anbarının dambasından, Umudlu və Zəylik kəndlərindən keçəcəkdi.

Sərsəng su anbarının ətrafında düşmənin kəşfiyyat-diversiya qruplarının olduğu haqda məlumat var idi. Hər an kolonumuza pusqu ata bilərdilər. Ona görə də hərəkətə başlayan andan ola biləcək düşmən fəaliyyətinə qarşı hazır vəziyyətdə idik.

Ağdərə, ətrafındakı yüksəkliklərlə birgə qara bürünmüşdü. Yollar asfalt örtüklü olsa da, ağır hərbi texnikalar bir çox yerlərini dağıtmışdı.

Hər yer qaranlığa qərq olmuşdu. Kolonda olan texnikaların səsi bu qaranlığı öz kəskin uğultusu ilə yararaq irəliləyirdi. Mən PDM-lə irəlidə hərəkət edirdim. Qüllədəki gecəgörmə cihazı ilə hər tərəfi nəzarətdə saxlamağa çalışırdım. Əlim tətikdə idi və hər an 30 mm-lik topu və 7,62 mm-lik pulemyotu istənilən istiqamətə çevirərək atəş açmağa hazır idim. Kolonda olan Kamazların sürücüləri və maşın böyükləri olan zabitlərimiz hərəkət istiqamətini və ətrafı diqqətlə müşahidə edirdilər.

Ağdərədən çıxdıqdan sonra bəzi yerlərdə meşəlik, bəzi yerlərdə isə tam açıq ərazi ilə hərəkət edirdik. Hava çox şaxtalı idi. Qar örtüyü meşəlik ərazini bəyaz bir pərdə kimi bürümüş, ağaclar qardan örpək geyinmişdi. Avtomobillərin təkəri altında qarın xışıltısı eşidilirdi. Sanki təbiət bizi hansısa təhlükə barədə xəbərdar etmək istəyirdi.

Ali Hərbi Məktəbdə keçirilən təlimlər zamanı həm piyada, həm də avtomobillə müxtəlif relyefli ərazilərdə, həm gecə, həm də gündüz uzun məsafələrə yürüş keçmişdik. Lakin döyüşlərin getdiyi əməliyyat bölgəsində, real təhlükə altında, avtomobilin kuzovunda oturaraq ətrafda nə baş verdiyini bilmədən hərəkət edərkən keçirdiyimiz həyəcan hamı üçün ilk dəfə idi. Zabitlərimizin heç biri daha əvvəl döyüşdə olmamışdı. Onların da bizim kimi eyni hissləri keçirdiyinə əmin idim.

Qarşıda gecənin dərinliyində yerə sərilmiş bir güzgü görünürdü. Bu, Sərsəng su anbarı idi.

Tərtər çayı üzərində yerləşən, 560 milyon kubmetr su tutumu ilə Azərbaycanın ən böyük su anbarlarından biri olan bu obyekt, su ehtiyatlarının saxlanılması, suvarma və elektrik enerjisi təchizatı məqsədilə Sovetlər dövründə 1980-ci illərin əvvəlində tikilməyə başlanmış və 1982-ci ildə istifadəyə verilmişdi.

Sərsəng su anbarı həm də siyasi və hərbi baxımdan mühüm strateji məntəqə idi.

Sonradan bu su anbarının erməni və rus qoşunları tərəfindən ələ keçirilməsi Azərbaycanın su ehtiyatlarının idarə edilməsində və Tərtər çayı vadisində yaşayan əhali üçün vacib olan su təchizatında ciddi çətinliklər yaratdı. Düşmən qışda Sərsəng və Suqovuşan su anbarlarını qəflətən boşaltmaqla Tərtər çayında daşqın yaradır, beləliklə, Tərtərin və Bərdənin əkin sahələrini məhv edirdi. Suya ehtiyac olan yaz və yay aylarında isə dambanı bağlayaraq bir damcı suyun belə axmasına imkan vermirdilər. Bu isə Tərtər çayından asılı olan əhalini çətin vəziyyətdə qoyurdu.

Hələlik Sərsəng su anbarı bizim ordunun nəzarətində idi. Gələcək taleyindən xəbərsiz olan su anbarının səthi, hələ ki, qayğısız şəkildə sakit idi. Buradan keçərkən qaranlıqda gümüş kimi parıldayan suya baxaraq Azərbaycanın nə qədər gözəl təbiətə sahib olduğunu, düşmənin bu gözəlliklərə göz dikdiyini və bu torpaqları düşmənə verməmək üçün canımızdan belə keçməli olduğumuzu düşündüm.

Birdən uzun bir fit səsindən sonra lap yaxınlığımızda partlayış baş verdi. Yer silkələndi. Partlayışın havası üzümü qarsdı.

Mən avtomobillərdən hansınınsa minaya düşdüyünü düşündüm. Qüllənin üzərinə çıxaraq geriyə boylandım. Bu zaman ikinci fit səsi gəldi və partlayış bizdən 100-150 metr sağ tərəfdə dərədə oldu. Bu düşmən minatanı idi. Kolonda olan texnikalar nə qədər gecənin sakitliyini pozmamağa çalışsa da, bu, mümkün olmurdu.

Düşmən kolonumuzun səsini eşidirdi. Ancaq görə bilmədiyinə görə hara gəldi atəş açırdı. Texnikalarda işıq çıxa biləcək bütün yerləri palçıq və əlimizə düşən nə varsa, onunla bağlamışdıq. Biz düşmən mövqelərinin Sərsəng su anbarının əks tərəfində, Heyvalı (Drımbon) kəndinin üstündəki yüksəkliklərdə olduğunu və bizim getdiyimiz marşrutu düzünə tuşlama topları ilə və minatanlarla atəş altında saxladıqlarını bilirdik. Onların mövqeyi ilə bizim kolonin arasında su anbarının üzəri ilə məsafə 4-5 km idi. 

Hər fit səsindən sonra mərminin bizi haqlayacağını gözləsəkdə bəxtimiz yenədə gətiridi. 

Kolon Umudlu və Zəylik kəndlərindən keçəndə artıq gecə yarı idi. Kəndlərin heç birindən işıq gəlmirdi. Tərk edilmiş, dağılmış evlərin siluetləri vahimə ilə bizə baxırdı. Kəndlərin içərisi ilə irəlilədikcə, içimdə qəribə bir duyğu yaranırdı – bu, sadəcə qorxu və ya həyəcan deyildi, bu, məsuliyyətin və savaşın ağırlığının çiyinlərimə daha çox çökməsi idi. Bu torpaqlar bizim idi, bu yollar bizim idi, bu evlər bir zamanlar öz insanlarımızın gülüş səsləri ilə dolu olmuşdu. Amma indi hər şey səssizdi. Həmin səssizlik, sanki, bizi döyüşmək üçün ruh verməyə çalışırdı.

Düşmənlə aramızdakı məsafə artıq 3 km-dən də az idi. Hərdən kolonun yaxınlığına minaatan və ya top mərmisi düşəndə düşmənin artıq yerimizi dəqiqləşdirdiyini düşünsək də, sonrakı mərmilərin uzağa düşməsi ilə yanıldığımızı anlayırdıq. Amma dayanmaq olmazdı. Səhərin açılmasıyla düşmən bizi əlinin içi kimi görəcək və kolonumuzu məhv etmək onun üçün çətin olmayacaqdı.

Səhərə yaxın, saat 05:00 radələrində artıq Həsənriz kəndinin ilk evləri gecənin qaranlığında görünməyə başladı.

Qarşımızda yeni bir gün, yeni bir döyüş, yeni bir sınaq var idi. Bu günün səhər şəfəqlərini bəlkədə bir çoxumuz son dəfə görəcəkdik...

ARDI VAR...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO