Son illər demoqrafik eniş, doğuş sayının kəskin azalması cəmiyyəti ciddi narahat edən məsələlərdən biridir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 15 min 971 doğulan körpə qeydə alıb. Ötən ilin eyni dövründə doğulan uşaqların sayı 17 min 81 olub.
MÖVZU İLƏ BAĞLI:
Demokrafik PARTLAYIŞ – Azərbaycanda doğulan körpələrin sayı niyə sürətlə AZALIR?
Bu rəqəm 2022-ci ildə 122 min 846, 2023-cü ildə 112 min 620, 2024-cü ildə 102 min 310 olub. Rəqəmlər göstərir ki, son 10 ildə Azərbaycanda əhali artımı davam etsə də, doğuş sayı 60 faiz azalıb.
Bəs, maraqlıdır, Cənubi Qafqazda demoqrafik artıma görə həmişə lider ölkə olan Azərbaycanda vəziyyət niyə bi qədər kritik həddə çatıb?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Mail Yaqublu demoqrafik SOS sayılan bu durumun çeşidli səbəblərini sadalayıb:
“Bu, çox ciddi məsələdir. Bundan bir müddət əvvəl biz bu mövzuda televiziya proqramında müzakirə də apardıq. Orada beynəlxalq təşkilatlardan birinin nümayəndəsi həyəcan təbili çalaraq demişdi ki, belə davam edərsə, 2100 -cü ildə əhalinin sayı 8 milyona düşəcək. Təəssüflər olsun ki, Azərbaycanda bu tendensiya başlayıb. Bunun da bir neçə səbəbi var.
Birinci səbəb odur ki, müasir insanın həyata baxışı dəyişib. O həyata ötən əsrin 60-70-ci illərinin insanı kimi baxmır.
İndi uşaq dünyaya gətirən ailə onun maksimum səviyyədə təhsilini, əyləncəsini, rifah səviyyəsini düşünür. Amma 60-70-ci illərdə belə deyildi. Ona görə də, hər bir ananın dünyaya uşaq gətirmə statistikası 1.6-dır. Ötən əsrin həmin illərində isə bu rəqəm 6-7 arasında olub. Görün, nə qədər azalıb. Dediyim kimi, əsas səbəblərdən birincisi budur.
O vaxtlar düşünmürdülər ki, uşaqların hamısı ali təhsil almalıdır və valideyn buna dəstək olmalıdır. Yüksək səviyyədə geyinib keçinməli, əylənməlidir. Bu məsələyə baxış fərqli idi. Aza qane olurdular. İndi isə elə deyil. İndi öncədən bunların hamısını düşünürlər və az uşaqla da kifayətlənirlər.
İkincisi, sosial səbəbdir. Uşaqlar çox olanda ailə onları təmin edə bimir, buna imkanı çatmır. Üçüncü isə psixoloji səbəbdir.
Valideynin uşaq böyüdüb tərbiyə eləməyə hövsələsi çatmır. Çünki insanlar individuallaşıb. Valideyn də istəyir öz həyatını doya-doya yaşasın. Ömrünün hamısını uşaqlarına həsr etməsin. Ona görə də bir-iki uşaqla kifayətlənirlər. Amma bu, ümumilikdə xoşagələn hal deyil və vəziyyət mütləq dəyişməlidir”.
Əsas faktorlar
Millət vəkili Elnarə Akimovanın fikrincə isə əslində, bu gün ölkə əhalisinin davamlı inkişafını, sağlamlığını və balanslı bölgüsünü təmin etmək məqsədilə dövlət səviyyəsində hazırlanmış tədbirlər kompleksi olan demoqrafik inkişaf proqramı bu kimi əhali azalması və doğum səviyyəsinin düşməsi hallarına qarşı strateji yanaşma məsələsinə həssas olmalıdır. Çünki bu, ciddi problemlərdən biridir:
“Səbəblər müxtəlifdir: iqtisadi baxımdan aztəminatlılıq, əhalinin böyük qisminin şəhərlərə axın etməsi və buradakı təlabatın kəndə nisbətən yüksək olması, qadınların karyera marağı, ailə dəyərlərinin öz gücünü itirməsi və s. Düşünürəm ki, müəyyən addımların atılması doğuş səviyyəsinin artırılmasına stimul verə bilər. Məsələn, doğuma görə analara verilən birdəfəlik müavinətlərin artırılması, çoxuşaqlı ailələr üçün vergi güzəştləri və kommunal endirimlər tətbiq etməklə...
Eyni zamanda, gənc ailələr üçün mənzil proqramlarının genişləndirilməsi yaxşı olar. Xüsusilə dövlət dəstəyi ilə sosial ipotekaların verilməsi şərtləri daha asan və əlçatan olmalıdır”.
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması; - bəndinə uyğun olaraq hazırlanıb.
Rəna Cumaqızı, Bizim.Media