Xəbər verdiyimiz kimi, Gürcüstan parlamentinin 80 üzvü “Vətəndaşların siyasi birlikləri haqqında” və “Qrantlar haqqında” qanunlara dəyişiklikləri yekdilliklə dəstəkləyib. Bundan sonra beynəlxalq donor təşkilatları hökumətin razılığı olmadan qrant verə bilməyəcək.
Həmin qanun layihəsi beynəlxalq təşkilatlara siyasi partiyaların xeyrinə mühazirələr, seminarlar və ya digər bu kimi ictimai tədbirlər təşkil etməyi qadağan edir.
Bizim.Media gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.
Qanuna əsasən, hökumətin razılığı olmadan qəbul edilən qrant üçün cərimə onun məbləğindən iki dəfə çox olacaq.
Xarici qrantın təsdiqlənməsi üçün hökumətə 10 gün vaxt veriləcək. Hökumətin qərarından şikayət edilməsi onun icrasını dayandırmayacaq. Qanunun icrasına nəzarəti isə Antikorrupsiya Bürosu həyata keçirəcək.
Bununla yanaşı, bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlar, eləcə də Gürcüstandan kənarda təhsil və elmi tədqiqat məqsədilə ayrılan fərdi təqaüdlər və ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların qrantları bu qanuna daxil edilməyəcək.
Qeyd edək ki, bu qanun ictimaiyyət və beynəlxalq təşkilatlar arasında da geniş müzakirələrə səbəb olub. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri qanunun QHT-lərin və medianın fəaliyyətini məhdudlaşdıracağına dair narahatlıqlarını ifadə edirlər. Hökumət isə qanunun əsas məqsədinin dövlət institutlarını qorumaq olduğunu bəyan edir.
Bizim.Media